Bu gün Nəsimi Rayon Məhkəməsində “Liv Bona Dea” Hospitalının “Əli və Nino” kitab mağazasının sahibi Nigar Köçərliyə qarşı qaldırdığı 222 min 395 manatlıq təzminat iddiası üzrə növbəti məhkəmə iclası keçiriləcək.
Bakupost.az xəbər verir ki, proseslə bağlı naşir Şahbaz Xuduoğlu və Nigar Köçərli videoçıxış ediblər.
Ş.Xuduoğlu bildirib ki, dünyada ilk dəfədir, bir xəstəxana sağ qalan pasiyenti məhkəməyə verir:
“Bu, doğrudan da ağılasığmaz hərəkətdir. Digər tərəfdən, on minlərlə xəstə var ki, keyfiyyətli və istədikləri səhiyyə xidmətini əldə edə bilməyiblər. Biz həm də onların səsiyik. Bizə qarşı olan təzyiq, əslində, keyfiyyətli səhiyyə xidməti ala bilməyən digər insanları susdurmaq üçündür. Mən çox istərdim ki, bu məsələ cəmiyyətimizin diqqətində qalsın. Azərbaycan məhkəməsinin ədalətinə inanıram. İnanıram ki, bu prosesdə biz qalib gələcəyik”.
Nigar Köçərli isə hazırda təzyiq altında olduğunu bildirib:
“Klinika 3 gün palatada qalarkən dayanmadan “şikayətimə baxın” deyən, psixoloji travma alan pasiyenti məhkəməyə verir. Çox böyük təzyiq altındayam. Bizim tələbimiz çox sadədir: lütfən, videoyazıları təqdim edin”.
Xatırladaq ki, N.Köçərli bir müddət öncə sosial media hesabında paylaşım edərək “Liv Bona Dea” xəstəxanasından şikayət etmişdi. O, adı çəkilən xəstəxanada pis rəftarla üzləşdiyini demişdi. Xəstəxana iddiaları qəbul etməyib.
Məsələ ilə bağlı “Liv Bona Dea” Hospital Nigar Köçərlinin şikayəti ilə bağlı Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.
Lalə, BakuPost