Bu gün Bakı İnzibati Məhkəməsində plastik cərrah Rəşad Babayevin Səhiyyə Nazirliyinə qarşı "plastik cərrahiyyə fəaliyyəti ilə praktik məşğul olmasına icazə verilən sertifikatının ləğv edilməsi barədə əmrin ona aid hissəsinin ləğv edilməsi" tələbinə dair məhkəmə prosesi başa çatıb.
Hakim Aygün Əhədovanın sədrliyi ilə keçirilən iclasda iddia təmin edilməyib.
Məhkəmədən sonra
“Bakupost”un əməkdaşı iddiaçının vəkilindən müsahibə alıb.
- Bu gün məhkəmə Rəşad Babayevin iddiasını təmin etmədi. Qərarı necə qiymətləndirirsiniz?
"Məhkəmənin qərarına hörmətlə yanaşırıq. Lakin hesab edirik ki, iş üzrə bir ildən artıq davam edən məhkəmə araşdırması zamanı təqdim etdiyimiz hüquqi arqumentlər, sübutlar və dəlillər iddianın təmin olunması üçün kifayət qədər əsas yaradırdı. Nazirliyin cavablarında ziddiyyətlər mövcud idi, bəzi mühüm suallar isə cavabsız qaldı. İnzibati orqan əvvəldən bu işə çox rahat yanaşırdı.
Məhkəmə iclaslarında işin bütün halları ətraflı araşdırıldı. Xüsusilə, cavabdeh tərəfin nümayəndəsi proses zamanı ünvanladığımız bir sıra mühüm suallara hüquqi cəhətdən əsaslandırılmış cavab verə bilmədi. Bizim mövqeyimiz dəyişməz olaraq qalır: iş üzrə araşdırılmış sübutlar Rəşad Babayev barəsində qəbul edilmiş qərarın qanuniliyini təsdiq etmir.
Biz hesab edirik ki, məhkəmə baxışı zamanı müəyyən edilmiş hallar bir daha göstərdi ki, iddia ərizəsində irəli sürdüyümüz arqumentlər, o cümlədən Rəşad Babayevə plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmağa imkan verən sertifikatın ləğv edilməsi barədə Səhiyyə Nazirliyinin əmrinin ona aid hissəsinin qanuni əsasları mövcud deyildi. Buna baxmayaraq, məhkəmə iddianı təmin etmədi. Qərarın tam mətnini əldə etdikdən sonra onun hüquqi əsaslandırılmasını ətraflı təhlil edəcəyik.
Artıq indidən bildirə bilərəm ki, bu qərardan apellyasiya şikayəti veriləcək. İddiaçı Rəşad Babayevin hüquqlarının müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi vasitələrdən istifadə edəcəyik və son instansiyayadək mübarizəni davam etdirəcəyik"
- Siz iddiaçının haqlı olduğuna hansı əsaslarla əminsiniz?
"Mövqeyimiz iş üzrə qüvvədə olan normativ hüquqi aktlara və məhkəmədə tədqiq edilmiş sübutlara əsaslanır. Doğrudur, əvvəllər qəbul edilmiş Nazirlər Kabinetinin 318 nömrəli qərarında rezidentura təhsili ilə bağlı müddəalar mövcud olmuşdur. Lakin sonradan qəbul edilmiş normativ tənzimləmədə plastik cərrahiyyə fəaliyyəti üçün rezidentura təhsilinin məcburi şərt kimi nəzərdə tutulmaması iş üzrə hüquqi qiymətləndirmədə həlledici əhəmiyyət kəsb edir. Bu baxımdan hesab edirik ki, Rəşad Babayevə verilmiş sertifikatın ləğv edilməsi üçün hüquqi əsas mövcud olmayıb. Məhkəmə araşdırması zamanı təqdim etdiyimiz digər sübut və hüquqi arqumentlər də bu mövqeyi təsdiqləyir. Məhz buna görə inzibati orqanın qəbul etdiyi qərar qanunvericiliyin tələblərinə uyğun deyil və bu mövqeyimizi apellyasiya instansiyasında da müdafiə edəcəyik".
- Məhkəmənin bugünkü iclasında Səhiyyə Nazirliyinin nümayəndəsi iştirak etmədi. Buna münasibətiniz necədir?
"Bunun səbəbi barədə məlumatım yoxdur. Ona görə də həmin məsələyə hüquqi və ya faktiki qiymət verməyim düzgün olmaz. Bu barədə yalnız Nazirliyin özü izahat verə bilər".
- İddiaçı Rəşad Babayev isə qərarın onun üçün gözlənilməz olduğunu bildirib:
“Bu, sözün bitdiyi andır. Ən pis halda iddianın qismən təmin olunacağını düşünürdüm. Amma inzibati məhkəmədən belə qərarı heç cür gözləmirdim. Böyük haqsızlığa məruz qalmışam".
“Mən onlara bu işi həm praktik, həm də nəzəri formada tədris etmişəm və bununla bağlı sənəd vermişəm. O sənəd ki, mənim əlimdən alınıb, amma onlarda qalır.
Məhkəmələrdə məhkəmə-tibbi ekspertizanın plastik cərrahiyyə üzrə eksperti olmuşam. Keçirilən əməliyyatlarla bağlı rəyləri mən vermişəm və həmin rəylərə əsasən məhkəmə qərar qəbul edib. İndi düşünün ki, mən hansı vəziyyətdəyəm”.
Sonda R.Babayev məhkəmə qərarından naraz qaldığını deyib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən Rəşad Babayevin plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmasına icazə verən sertifikat ləğv edilib. O isə qərarın qanunsuz olduğunu bildirərək məhkəməyə müraciət edib.
Xatırladaq ki, bir müddət əvvəl cərrah məhkəmə prosesinin obyektiv və şəffaf aparılması üçün ölkə başçısına müraciət etmişdi.
Lalə Novruz,
BakuPost