İsrailin Baş naziri Benyamin Netanyahu “Palmaçim” hava bazasına səfəri zamanı rəsmi Təl-Əvivin hərbi strategiyasında yeni və daha aqressiv mərhələyə keçid etdiyini bəyan edib.
Bakupost.az SAVASHMEDİA.az-a istinadla xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Nəşr yazır ki, müdafiə naziri İsrael Katz və Baş Qərargah rəisi Eyal Zamirlə birgə bazadakı vəziyyətlə tanış olan Baş nazir “Hizbullah” və İranın İsrailə qarşı atdığı addımların cavabsız qalmayacağını vurğulayıb.
Netanyahu “Hizbullah”ın hücumlarını “böyük səhv” adlandıraraq, ölkəsinin cavab zərbələrinin əvvəlkindən daha dağıdıcı və əhatəli olacağını diqqətə çatdırıb:
“Biz İrana qarşı tam gücümüzlə hücumları davam etdirəcəyik. Pilotlarımız hazırda həm Tehran, həm də Livan səmalarında əməliyyatları icra edirlər və bu zərbələrin intensivliyi yaxın günlərdə daha da artacaq”.
Qeyd edək ki, fevralın 28-dən start götürən hərbi əməliyyatlar çərçivəsində İsrail və ABŞ İranın hərbi-siyasi infrastrukturunu hədəf almaqda davam edir. Rəsmi Tehran isə öz növbəsində regiondakı Amerika bazalarına və İsrail ərazisinə ballistik raket zərbələri endirməklə cavab verir.