Xəbər verdiyimiz kimi, kriminal aləmdə “Krıtı Vüsal Masallinski” kimi tanınan Vüsal Nuriyev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.
Bəs, "Krıtı Vüsal" (Vüsal Nuriyev) kimdir? O, hansı kriminal qruplaşmaya yaxındır?
Bakupost.az Vüsal Nuriyevlə bağlı məlumatları təqdim edir:
“Krıtı Vüsal” kriminal aləmdə nüfuzlu fiqurlardan sayılır. Dəfələrlə məhkumluq həyatı yaşayan Nuriyev cəzaçəkmə müəssisələrində “vəziyyət”ə baxıb və mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin yaxın adamı olub.
O, 2023-cü ildə sosial şəbəkədə canlı yayımda mərhum “qanuni oğru” Namiq Səlifov (“Lotu Quli”) haqqında dedikləri ilə gündəm olmuşdu. "Krıtı Vüsal" “Lotu Quli”nin daim “Xan Bakinski”ni (Xəqan Zeynalov) təhqir etdiyini və bu səbəbdən qətlə yetirildiyini bildirmişdi.
Vüsal Nuriyev bundan əvvəl 2018-ci ildə Yardımlı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin vaxt ondan 2 kiloqram 610 qram tiryək götürülüb. Araşdırmalar zamanı narkotikin İrandan qaçaqmalçılıq yolu ilə gətirildiyi üzə çıxıb.
2019-cu ildə isə "Krıtı Vüsal" narkotik maddələrin qanunsuz dövriyyəsinə görə həbs olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmlə razı olmayan avtoritet Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib.
Lalə Novruz,
BakuPost