Ru
13:05 / 23 İyul 2025

Bu Təhsil İdarəsində nöqsanlar aşkarlandı - Yeyintiyə görə 33 direktor işdən çıxarıldı

Bu Təhsil İdarəsində nöqsanlar aşkarlandı -  Yeyintiyə görə 33 direktor işdən çıxarıldı
Eye

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2025-ci il üzrə iş planına uyğun olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsində dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə məlumatında bildirilir.

Nəzarət tədbirləri idarənin tabeliyindəki 103 ümumi, 6 məktəbdənkənar və 96 məktəbəqədər təhsil müəssisəsini əhatə edib.

Aparılan yoxlamalar zamanı bəzi təhsil müəssisələrində dərnək və dərsdənkənar məşğələlərin təşkilində, dərslərin əvəzolunması ilə bağlı əməkhaqqının ödənilməsində, qruplarda komplektləşdirmənin aparılmasında, ştatların müəyyən olunmuş normalara uyğun saxlanılmasında, eləcə də qida təchizatında nöqsanlar aşkar edilib.

205 təhsil müəssisəsində son 3 il üzrə aparılmış nəzarət tədbirləri ilə aşkar olunan nöqsan və çatışmazlıqlara əsasən müəyyənləşdirilmiş 594,6 min manat vəsait cavabdeh şəxslər tərəfindən dövlət büdcəsinə bərpa edilib, inzibati xəta törətmiş 26 vəzifəli şəxs isə inzibati məsuliyyətə cəlb olunaraq cərimə olunub.

Nöqsanlara yol vermiş 134 vəzifəli şəxsə əmək qanunvericiliyinə uyğun olaraq intizam tənbehi (şiddətli töhmət, töhmət, xəbərdarlıq) verilib, 6 rəhbər şəxslə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulur.

Bununla yanaşı, Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə aparılan nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntuları və digər nöqsanlara görə 33 təhsil müəssisəsinin rəhbəri tutduğu vəzifədən azad olunub.

Digər Regional Təhsil İdarələrində də bənzər halların araşdırılması istiqamətində tədbirlər həyata keçirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar