Ru
11:38 / 21 Yanvar 2026

“Bu, yeni reallıqdır” – Ermənistan Prezidenti də sülhdən danışdı

“Bu, yeni reallıqdır” – Ermənistan Prezidenti də sülhdən danışdı
Eye

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Bakı və İrəvan arasında sülhün bərqərar olunacağına dair ümidini ifadə edib.

Bakupost.az Ermənistan mediasına istinadən xəbər verir ki, o, bu barədə Davosdakı Dünya İqtisadi Forumunda keçirilən panel diskussiyada danışıb. Tədbirdə həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandr Vuçiç də iştirak ediblər.



Xaçaturyan bildirib ki, siyasi liderlərin cəsarəti və strateji baxışları ölkələr arasında sülhün təmin olunmasında əsas rol oynayır. “Liderlərimiz sülh, gələcək və vətəndaşların rifahını prioritet seçiblər. Mən həmişə sülh tərəfdarı olmuşam və hesab edirəm ki, qonşularla yalnız sülh içində yaşamaq mümkündür. Münaqişə və müharibə yolu isə vaxt itkisidir. Mən çox optimistəm ki, real nəticələr əldə edəcəyik və birgə iqtisadi və mədəni proqramlar həyata keçiriləcək,” – deyə Xaçaturyan vurğulayıb.

Ermənistan prezident əlavə edib ki, artıq dövlət sektorunun nümayəndələri arasında görüşlər keçirilib və növbəti mərhələdə işgüzar dairələrin görüşləri planlaşdırılır. “Artıq İrəvanda insanlar öz avtomobilləri üçün Azərbaycan mənşəli yanacaq alırlar. Əvvəllər bu, mənfi reaksiyaya səbəb ola bilərdi, amma indi bu, yeni reallıqdır,” – deyə Xaçaturyan qeyd edib.

O, həmçinin vurğulayıb ki, Ermənistan və Azərbaycanın liderləri siyasi iradə və sülhə sadiqlik nümayiş etdiriblər. “Hazırda 30 ildən sonra yaranmış vəziyyətlə üz-üzəyik. Qısa müddət ərzində Ermənistana Azərbaycan vasitəsilə birbaşa məhsul alma imkanı yaradılıb. Gələcəkdə isə bu məhsulları öz ərazilərimizdən keçirməyi gözləyirəm”, – deyə Xaçaturyan əlavə edib.

Ermənistan Prezidenti sülhün təmin olunacağına ümidini bir daha təsdiqləyərək bildirib: “Uğur qazanacağıq, çünki qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyü prinsiplərini qəbul etmişik. Qapılarımızı açacağıq və yaxın illərdə yalnız yüksək səviyyəli siyasi görüşlər deyil, həm də vətəndaşlar arasında müntəzəm iqtisadi və ticarət əlaqələri olacaq. Bu, regionu həm iqtisadi, həm də geosiyasi baxımdan cəlbedici edəcək. ABŞ Prezidenti Donald Trampın 8 avqust tarixində imzaladığı tarixi sənəd də bu prosesdə mühüm rol oynayıb,” – deyə Xaçaturyan bildirib.

O əlavə edib ki, sülh prosesinə vətəndaşların da cəlb olunması vacibdir: “Liderlər qısa müddətdə əsas prinsiplərə nail olublar. Amma cəmiyyətlərin bu dəyişiklikləri mənimsəməsi üçün zamana ehtiyac var. Ümid edirəm ki, Ermənistan və Azərbaycan bu istiqamətdə işləməyə davam edəcək və vətəndaşların prosesə cəlb olunmasını təmin edəcəklər,” – deyə Xaçaturyan yekunlaşdırıb.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar