Keçən gün xəbər portallarında iki səfirlə bağlı məlumat paylaşıldı. Xəbərlərdən biri XİN-ə çağırılan, digəri isə dövlət başçısı tərəfindən qəbul edilən səfirlə bağlı idi. Ümumiyyətlə, səfirlərlə bağlı xəbərlərin rəsmiliyini, quruluğunu nəzərə alsaq, içində maraqlı nəsə axtarmağa dəyməzdi. Amma bu dəfə fərqli oldu, xəbərin hər ikisi maraqlı idi. Biri pozitiv mənada maraqlı gəlirdi, digəri əksinə. Adətən deyirlər e, sizə iki xəbərim var, biri yaxşıdı, biri pis. Bax məhz belə idi. Təbii ki, əvvəl "pis"dən başlayaq.
Xəbərdə deyilirdi ki, 18 avqust 2026-cı ildə Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimova Xarici İşlər Nazirliyinə çağırılaraq nota verilib. Niyəsini bir azdan izah edəcəm. Amma burada kiçik bir haşiyəyə çıxım ki, bu sadəcə 2026-cı ildə Rusiya səfirinin "qoltuğuna verilən" nə az, nə çox, düz 3-cü notadır. Bundan əvvəlkilər müvafiq olaraq 6 fevral və 6 iyul tarixlərində olub. Hətta adama elə gəlir ki, Rusiya səfiri Məşədi İbad demiş, bir növ adətkarda olub, ayda bir dəfə çağırılıb danlanmayanda özünü yaxşı hiss etmir. Amma deyəsən bu qədər danlaqdan cənab Yevdekimov nə özü, nə də təmsil etdiyi ölkənin rəhbərliyi bir nəticə çıxara biliblər. Əks halda belə olmazdı ki. Gələk səbəblərə:
6 fevral tarixli çağırılmanın səbəbi 5 fevral tarixində Rusiya Federasiyası Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin birinci müavini, hakim "Vahid Rusiya" Partiyasının üzvü Konstantin Zatulinin ölkəmizdə Ermənistan Respublikası vətəndaşlarının məhkum olunması ilə bağlı bəyanatı olub. Bu zat belə hesab edirmiş ki, bizim öz hüquqi və tarixi ərazimizdə həbs etdiyimiz insanlar Ermənistan vətəndaşlarıdır. Burada adamın yadına böyük Atatürkün, atası Çanaqqalada öldürülüb deyə, türklərə nifrət edən bir ingilis gəncə verdiyi cavab düşür: "Sənin atanın Türkiyədə nə işi vardı?" Bax, adama deyərlər, ay zatına lənət olmuş Zatulin, o adamların tarixi Azərbaycan torpağı Şuşada, Xankəndində nə ölümləri vardı ki? Nə isə...
6 fevral tarixli çağırışın da səbəbi bir qədər fərqlidir. Bu görüşdə səfirə 5 iyul tarixində axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib. Görüşdə həmçinin qeyd edilib ki, bu ilk belə hal deyil, bundan əvvəl də oxşar hadisələr baş verib. "Dəfələrlə xəbərdarlığa baxmayaraq, belə halların davam etməsinin hücumların məqsədyönlü şəkildə həyata keçirildiyinə dəlalət etdiyi bildirilib". Yəni, qısacası deyiblər ki, get ölkəndəkilərə de ki, adam olsunlar. Hanı e... elə asandı məgər?
Gələk sonuncu çağırışa. Bu dəfə də məsələ xeyli ciddidir. Görüşdə son dövrlərdə Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb. Konkret olaraq 13 avqust 2026-cı il tarixində "Çistota ponimaniya" layihəsi çərçivəsində yayımlanan verilişdə ölkəmizə, xalqımıza və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı səsləndirilən ifadələrə diqqət çəkilib. Səfir bir xeyli danlanılıb və yola salınıb. Amma məsələ bununla da bitməyib. Sözü gedən verilişlər Rusiya tərəfindən bütün platformalardan silinməyə məcbur edilib. Sonrakı mərhələdə isə, "Çistota ponimaniya" podkastının üç aparıcısı - İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayev Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib.
İvan Knyazev - "Moskva 24" telekanalının aparıcısı və jurnalistdir, həmçinin Ali İqtisadiyyat Məktəbində (ВШЭ) jurnalistika proqramının akademik rəhbəridir.
Semyon Uralov - siyasi məsləhətçi, media eksperti və "Soyuznıy İnteqrator" layihəsinin baş redaktorudur.
Aleksey Çadayev - politoloq, jurnalist və texnoloqdur. O, Rusiya Nəqliyyat nazirinin ictimai əsaslarla məsləhətçisi vəzifəsində çalışıb. Azərbaycan tərəfindən axtarışa verildikdən sonra bu vəzifədən istefa verib.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, bu 3 nəfər 14 iyul və 13 avqust tarixlərində yayımlanan "Çistota ponimaniya" proqramlarında Azərbaycana qarşı zorakılığa, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün pozulmasına, terrora və ayrı-ayrı şəxslərin fiziki məhv edilməsinə çağırışlar səsləndirib. Onlar barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarış elan olunub.
Bəli, Azərbaycan tərəfindən axtarışa verilən bu üç nəfərdən heç biri elə-belə adam deyil. Hamısı kifayət qədər ciddi mövqelərdə olan, yaşlı-başlı adamlardır. Və bir yox, ardıcıl 2 verilişdə bu cinayətləri ediblər. Bu da sizə təyyarə deyil ki, vurub salasınız, sonra deyəsiniz ki, səhvən olub. Bu arada, o təyyarə qəzasında həyatını itirən həmyerlilərimizin qanı hələ də Rusiyaya hökmranlıq edənlərin əlindədir. Bu gedişlə də çətin silinə.
Bax belə, Rusiyanın bircə "Nardaran"ı çatmır, yığışıb ordan şüar qışqıralar. Amma ta keçib. Bizim dövlət çox belə təhdidlər, çağırışlar gördü və hamısı da geridə qaldı. Bir də ki, rəhmətlik Vəfa Quluzadənin hələ illər əvvəl Rusiya ilə bağlı verdiyi proqnozların da həyata keçməyinə çox qalmayıb. Görəcəyik...
Gələk ikinci, həm də pozitiv "səfir xəbərinə". Xəbərdə deyilirdi ki, Azərbaycanın Dövlət Başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı etimadnaməsini təqdim etmək üçün qəbul edib. Maraqlı tərəfi o idi ki, cənab Norman çıxışa şair demiş, "Vaqifin şirin dilində" başlayıb. Azərbaycanca öz şirin ingilis ləhcəsi ilə, "Müsyö Jordan"sayağı çıxış edən səfir 27 il öncə həyat yoldaşı ilə birgə Bakıda olduğunu, hələ o vaxt insanların mehribanlığı və Bakının böyük potensialından təsirləndiyini bildirib. O vaxtdan indiyə kimi, Azərbaycanın böyük inkişaf yolu keçdiyini qeyd edib. İlk ağla gələn o olurdu ki, diplomatın Azərbaycan və ya Türkiyə ilə hansısa işgüzar bağları olduğu üçün dilimizi belə mənimsəyib və Dövlət Başçısının qarşısında məhz bu dildə danışmağı seçib. Amma səfirin diplomat keçmişinə baxanda görürsən ki, o bizim regionda yalnız bir ölkədə, Ermənistanda olub, o da 1998-2000-ci illərdə, cəmi iki il. Bundan sonrakı bütün diplomatik fəaliyyəti bizim bölgədən və hətta türk coğrafiyasından kənarda olub. Əlbəttə, bu jest çox xoş olmaqla yanaşı, həm də onu göstərirdi ki, nəinki balaca, ən böyük ölkələrdən belə bizə göndərilən səfirlər artıq gedəcəyi ölkəni yaxşı tanıyır, hörmətlə yanaşır və 35 il sonra öz ölkəsində və regionda sülhə doğru addımlar atan bir ölkənin dəyərlərinə hörmət etməyin vacibliyini yaxşı bilirlər. Biz bizlə öz dilimizdə danışan, danışmaq istəyən hər kəsə sevgi ilə, hörmətlə yanaşan bir ölkəyik.
Bizimlə zorakılıq dilində danışıb, hay-küylə nələrisə dəyişmək fikrində olanları da, yavaş-yavaş başa salıb, "öz dilimizdə danışmağı" öyrədəcəyik. Çağıra-çağıra, izah edə-edə, "notasını qoltuğuna verə-verə" öyrədəcəyik. Amma ən yaxşısı budur ki, bizim dildə çağrılarkən yox, qəbul edilərkən danışılsın. Lap elə ingilis səfir Dankan Norman kimi. Belədə həm də hörmətli olursunuz axı!