Ru
15:43 / 01 Sentyabr 2025

Çin sammitinin yekunları: Avropa hegemonluğunu itirir - ŞƏRH

Çin sammitinin yekunları: Avropa hegemonluğunu itirir - ŞƏRH
Eye

"Bu gün Çində baş tutan sammit, görüşlərin və müzakirələrin səviyyəsi, verilən bəyanatlar, açıqlamalar bir daha onu sübut etdi ki, Qərb, əsasən də, Avropa öz hegamonluğunu, mənəvi, maddi, texnoloji və elmi üstünlüyünü itirir".

Bakupost.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib.


"Günah özlərindədir – son 30 ildə Avropa “SSRİ”-ləşdikcə, Çin, Hindistan, İndoneziya, Vyetnam və s. ölkələr iqtisadi anlamda “Qərbləşdilər” və bu proses orqanik, təbii, Qərbin səhvlərini təkrar etməyərək baş verdi", - deyə o qeyd edib.

Natiq Cəfərlinin sözlərinə görə, AB ölkələri, Avropa aşırı tənzimləmə qanunları, iqtisadiyyatda maneələr yaratmaqla öz üstünlüyünü bitirib:

"Bu gün, məsələn, Avropada tikintiyə icazə aylar çəkir, Çində 3 günə həll olunur, bu gün Avropada restoran açmaq üçün əvvəl milli qanunvericilikdəki maneələri, sonra da AB-nin requlyativ, tənzimləyici məhdudiyyətlərini aşmaq lazım olur, amma, məsələn, Laosda bu məsələ 1 günə həllini tapır. Bu gün Avropa ölkələri turizmlə MÜBARİZƏ aparır, hər gün daha çox məhdudiyyətlər qoyur, amma, məsələn, Səudiyyə Ərəbistanı kimi qapalı ölkə qapılarını turistlər üçün daha çox açır. Laos, Kampuçiya, İndoneziya kimi ölkələr daha çox turist qəbulu üçün qaydaları daha da sadələşdirirlər".

Ekspert həmçinin qeyd edib ki, Avropa iqtisadiyyatı daralır, Şərqdə, Sakit okean hövzəsində yerləşən ölkələrdə isə iqtisadi artım sürətlidir:

"Bu gün Avropa təhsil və elmi SSRİ-də olduğu kimi “idieologiyalaşdırır”, ancaq “sol, pvesdo-liberal” mövzular önə çəkilir, elmi araşdırmalara ideoloji “gözlə” baxırlar (necə ki, SSRİ kibernetika və genetikanı ideoloji səbəblərdən məhdudlaşdırır, elmə “sosializm” pəncərəsindən baxırdı), Çin, Hindistan elmi acıgözlüklə mənimsəyirlər və təhsilə ciddi önəm verirlər - heç də təsadüfi deyil ki, dünyada riyaziyyat, fizika və kimya olimpiadalarını çinlilər udmağa başlayıblar.

Qərbin ümidi yenə ABŞ-dır – Amerika öz köklərinə, öz inkişaf instinktlərinə geri dönərək iqtisadi AZADLIQLARI önə çəkə bilsə, Qərb sivilizasiyası üçün yeni şans doğacaq.

Bütün bunları həm də ona görə yazdım ki, Azərbaycan, təəssüf ki, Avropanın səhv atdığı bəzi addımları təkrarlayır – ölkəmizdə hər il aşırı tənzimləmə qanunlarının sayı çoxalır, iqtisadiyyata birbaşa müdaxilə edən dövlət-hökumət orqanlarının sayı yağışdan sonra göbələk kimi artır. Bu yanlış, ölkənin inkişafının qarşısını alan yoldur. İqtisadi azadlıqlar, təşəbbüskarlıq, biznes üçün ədalətli şərait olmazsa-olmazdır, ölkəmizin inkişafı və rifahı üçün “ədalətli, kiçik və effektiv hökumət” modelinə keçid mütləqdir!"

Lalə, Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar