“Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin liderləri arasında ikili söhbətlər və yaxud ümumi müzakirələr barədə məlumatlar var, amma bu toplantının strateji məqsədləri yəqin ki, daha irəli tarixdə ortaya çıxmağa başlayacaq”.
Bunu
Bakupost.az -a açıqlamasında siyasi ekspert
Elçin Xalidbəyli Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısının nəticələrini şərh edərkən bildirib.
Onun sözlərinə görə, sammitdə əsas məqamlardan biri Azərbaycanın həmin toplantıya dəvət olunması və Prezident İlham Əliyevin ev sahibi Çin tərəfindən yüksək səviyyədə qarşılanmasıdır:
“Bu da Azərbaycanın dünya qlobal məkanındakı önəmini göstərir. Eyni zamanda Çinin də Azərbaycana münasibətini nümayiş etdirir. Çin və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və müşahidələr göstərir ki, Çin Azərbaycanla bu tərəfdaşlığı daha da gücləndirmək niyyətindədir. Bu baxımdan hesab etmək olar ki, hətta Rusiyanın Azərbaycana qarşı təhdidkar mövqeyi belə indiki situasiyada ölkə üçün ciddi problem yarada bilməz. Azərbaycan həm Amerika Birləşmiş Ştatları, həm də Avropa Birliyi ilə yaxşı münasibətlərə malikdir. Prezident İlham Əliyev Ağ Evdə ABŞ Prezidenti Donald Tramp tərəfindən də yüksək dəyər və hörmət görmüş bir liderdir. Eyni zamanda, ABŞ və Çin rəqib olsa belə, Çin Azərbaycan Prezidentini çox yüksək səviyyədə qarşılayıb. Bu da onu göstərir ki, Azərbaycan çoxvektorlu, uğurlu xarici siyasət yürüdür və bunun artıq real nəticələri mövcuddur. Azərbaycan lideri bu çoxvektorlu xarici siyasətlə bütün istiqamətlər üzrə uğurlu münasibətlər quraraq dövlətin inkişaf perspektivlərinin önünü açmaqda davam edir”.
Lalə Novruz,
BakuPost