Güney Azərbaycanın Urmiya şəhərindən bu milli fəalı Təvana Tədris Mərkəzinə verdiyi məlumata görə, şəhərdəki vəziyyət son günlərdə misli görünməmiş repressiya, geniş həbs və vətəndaşların itirilməsi ilə yadda qaldı. “Gələn insan kütləsi gözlədiyimizdən çox idi. Özüm də inanmadım ki, bu qədər insan yığışa bilər”.
Bakupost.az Güney Azərbaycan telekanallarına istinadın xəbər verir ki, şahidin sözlərinə görə yanvarın 17-dən etibarən həbs və qətl dalğası başladı:
“Çox adamı həbs etdilər, əksəriyyətini isə öldürdülər. Öz dostum da aparıldı. Biz qaça bildik, amma ondan hələ xəbər yoxdur.”
O həmçinin qeyd edir ki, bir neçə gündür atəş səsləri eşidilirdi, amma neçə nəfərin öldüyünü bilmirlər.
Şahid əlavə edir ki, təhlükəsizlik qüvvələri bəzi hallarda insanları birbaşa evlərindən aparıblar:
“Bir dostumun əmisini evdən çağırdılar və özləri ilə apardılar. Ertəsi gün zəng edib dedilər ki, gəlin, cəsədini götürün. Çoxlarını belə aparıb, sonra cəsədlərini veriblər.”
Güneyli milli fəal deyib ki, Urmiya demək olar ki, hərbi şəhərə çevrilib:
“Bura Tehran kimi böyük deyil. Bütün şəhər qüvvələrlə doludur – hər yerdə polislər və “Bəsic” üzvləri var. İnsanların qorxutmaq üçün hətta yeniyetmə “Bəsic”çiləri də xüsusi geyimlə küçəyə çıxarıblar.”
Şəhərdə həmçinin güclü nəzarətin və yoxlamaların olduğu deyilir:
“Saat 10-dan sonra çox maşınları saxlayıb yoxlayırlar. Şəhər faktiki olaraq yazılmamış hərbi qanun altında idarə olunur”.
O bildirir ki, sərt repressiyaya baxmayaraq, hakim qüvvələr özlərinin də hər gün risk altında olduqlarını başa düşürlər:
“Onlar da bilirlər ki, zaman keçdikcə vəziyyət daha təhlükəli olur.”
Dostunun hələ də yoxa çıxdığını deyən şahid, “Ailəsi ilə bütün polis bölmələrinə, həbsxanalara, məhkəmələrə getdik. Heç bir yerdə yox idi. Sadəcə kiçik bir bölməyə getdik, orada da təxminən yüz başqa ailə vardı, hamı uşaqlarını axtarırdı. Məmurlar hamıya deyirdilər ‘burada yoxdur’. Bilinmirdi ki, həqiqətən doğru danışırlar, yoxsa əzab vermək üçün ailələri bilərəkdən aldadırlar”.
Şahid vurğulayır ki, itkin düşənlərin sayı çoxdur:
“Çox adam belə yoxa çıxıb. Həqiqətən çox. Onların harada saxlandıqları ağlımıza da gəlmir”.