Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi (şükür, deyəsən, vəzifəni sağ-salamat yazıb bitirə bildik) Rafiq Aslanov deyib ki, ölkəmizdə su qiymətlərinin diferensiallaşdırılması planlaşdırılır.
Bir müddət əvvəl ölkəmizdə qaz və işıq qiymətlərinin diferensiallaşdırılmasına başlanıldı, həm də yalnız əhali üçün, iri-xırda sahibkarlıq subyektlərində diferensiallaşma-zad yoxdur. Əhalini qənaətcil etmək üçün işıq və qaz qiymətlərini 3 yerə böldülər, sonra ucuz olan “birinci kateqoriya” limitini də azaltdılar ki, insanlar “daha qənaətcil” olsunlar.
Deyəsən, gözləniləndən daha qənaətcil olduq, yainki “3-cü kateqoriya”ya düşüb, üçqat ödəyənlər güclü çıxdı və yaxud evində qaz ola-ola işlətməyənlər, krantı dibindən bağlayanlar Tarif Şurasının böyük strateqlərini narazı saldı. İndi vahid tarifə keçmək istəyirlər, artıq bu barədə rəsmi təsdiq də var, qiymətlər bir olacaq, yəqin ki, bir az qalxacaq, üstəlik, “abunəlik” də olacaq – yəni evində qaz-işıq varsa, işlətməsən belə, aylıq abunə haqqı verəcəksən.
Xatırlayıram ki, qiymətlər diferensiallaşanda alimlər, ziyalılar, ekspertlər, aidiyyəti qurumlar dalbadal açıqlama verirdilər ki, siz – yəni abonentlərin böyük hissəsi – qanmırsınız, bu qiymət diferensiallaşması nəticəsində xüsusilə kasıb əhali daha az ödəyəcək; hər kəs izah edirdi ki, bu, hamımıza xeyirdir – varlı daha çox ödəyəcək, kasıb daha az və s.
Sağ olsunlar, yaxşıca başa salmışdılar biz qanmazları.
Aradan bir neçə il keçəndən sonra indi həmin ziyalılar, alimlər, ekspertlər və qurumlar, o cümlədən Tarif Şurası bu savadsız, təzəlikcə qandırdıqları bu qanmaz abonenti inandırmalıdırlar ki, diferensiallaşma o qədər də uğurlu deyilmiş, vahid tarif daha gözəldir və daha qənaətcildir və əhaliyə daha çox xeyir verəcək və... və...
Tam əminəm ki, bir neçə il əvvəl diferensiallaşmanın əhali üçün necə xeyirli olduğunu deyən ekspertlər hazırda vahid tarifin uğurlu olmasını izah etməyə hazırlaşır və difenersiallaşmanı yıxıb-sürüyəcəklər – sanki bir neçə il öncə danışanlar bunlar deyilmiş.
Qəti etiraz etmirəm, heç kəsə də irad bildirmirəm – dünya da dəyişir, yanaşmalar da, rəqəmlər də: tamamilə mümkündür ki, bir neçə il öncə tətbiq edilən və sərfəli sayılan metodlar sıradan çıxır – ya özünü doğrultmur, ya şərait dəyişir, ya da...
Sadəcə, başa düşə bilmirəm ki, işıq-qaz vahid tarifə keçəndə suyun diferensiallaşması prosesini əhaliyə necə izah edəcəklər.
Əgər diferensiallaşma yaxşıdırsa, işıq-qaz qiymətləri niyə vahidləşir? Yox, pisdirsə, su niyə diferensiallaşır?
Yox, əgər hörmətli Su müəllim deyirsə ki, mən də diferensiallaşma dövrünü yaşamalıyam, konkret necə olduğunu öz gözlərimlə görməliyəm və sonra vahidləşəcəyəm – heç bir dərd yoxdur, qoy olsun, onsuz da təcrübə dovşanı olmağa öyrəşmişik!
Sadəcə, ekspertlər bir efirdə diferensiallaşmanın zibil olduğunu deyib, vahid tarifi tərifləyəndən sonra digər açıqlamasında diferensiallaşmanı necə tərifləyəcək? – Bax, dərd budur!
Asena,
BakuPost