Ru
15:00 / 18 Aprel 2023

"Direktor tualetləri kabinet etdirdi" - Kardiologiya İnstitutu ilə bağlı şok faktlar - MÜSAHİBƏ

44522

Ötən həftə saytımızda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın təcrübəli həkimləri, professorları işdən uzaqlaşdırması, bəzilərini isə müxtəlif bəhanələrlə aşağı vəzifələrə təyin etməsi, eləcə də digər nöqsanlarla bağlı yazı dərc olunmuşdu.


Kardiologiya İnstitutunun mətbuat xidmətinin məsələ ilə bağlı açıqlamasında isə İnstitutdan çıxanlar arasında adı çəkilən professorlardan birinin - Elman Ələkbərovun sadəcə öz istəyi ilə, icbari tibbi sığorta ilə işləmək istəməməsi səbəbindən öz istəyi ilə institutdan ayrıldığı qeyd olunub.


Bakupost.az xəbər verir ki Medicina.az 20 ilə yaxın Elmi-Tədqiqat Kardiologiya institutunun infarkt şöbəsinin rəhbərlərindən biri olmuş, tibb elmləri doktoru Elman Ələkbərovla əlaqə saxlayaraq, İnstitutdan ayrılma səbəblərini araşdırıb.


Professor Medicina.az -a müsahibəsində bir sıra məqamlara aydınlıq gətirib.


- Elman müəllim, sizin uzun illər çalışdığınız və şöbə rəhbəri olduğunuz Elmi-Tədqiqat Kardiologiya İnstitutundan ayrılmağınızla bağlı təzadlı fikirlər var. Həkimlər deyir, sizin işləməyinizə şərait yaradılmayıb, amma direktor bildirib ki, tibbi sığorta ilə xəstələri qəbul etmədiyiniz üçün ayrılmısız. İnstitutdan ayrılmanızın əsas səbəbi nədir?


- Mən İnstitutda respublikadakı ən böyük infarkt şöbəsinin rəhbəri idim. Heç vaxt işimdən, yerimdən narazı olmamışam. Amma son 2 ildə infarkt şöbəsinin rəhbəri kimi tematik xəstələri qəbul etməyə və elmi işləri aparmağa şərait yox idi.


Bizi birinci mərtəbəyə endirib, bir otağa salıb, dedilər ki, bütün xəstələri qəbul edəcəksiz. Kiçik, dar otaqda 6 həkim hərəsi bir gündə 30 xəstə qəbul edirdi. Ağız deyəni qulaq eşitmirdi. Biz adi kardioloq həkim deyilik, elmi-tədqiqat institutu da poliklinika deyil. Nə yaşıma, nə titullarıma, nə elmi adma hörmət qoyurdular. Dünyanın harasında belə belə sistem var? Elmi Şuranın professoru xəstənin birini 1 manat 20 qəpikdən qəbul etməməlidir.


Çox basırıq idi, xəstələr qapını itələyib açırdılar, bizim elmi işlə məşğul olmağa vaxtımız olmurdu. Mən də bir neçə dəfə məsələni direktora dedim. Gah dedi, göstəriş Səhiyyə Nazirliyindən gəlib, sonra TƏBİB-in üstünə atdı. Sonra dedi, icbari tibbi sığorta belə deyir, pandemiyadır, düzələr, bir az dözün. Mən öz şəxsiyyətimə hörmət edən adamam. Bir müddət səbr etdim, sonra gördüm ki, yox, şərait yoxdur və olmayacaq. Ona görə ərizəmi yazdım. Həqiqəti deyirəm, sıxışdırma olmadı, məni saxlamaq istədilər. Kim məni çıxara bilər? Hətta ərizəmi yubatdılar. Amma özləri elə şərait yaratdılar ki, gedək. Elə yerdə işləmək mənə yaraşmazdı. Söz də demək olmur. Hamı özünü ağıllı hesab edir.


Mən heç vaxt illərdir əziyyət verdiyim, alışdığım institutu, kollektivi tərk etməzdim. Professor kimi öz kabinetimdə, hörmətli oturub, mənə aid olan tematik xəstələrə baxıb, həm də elmi işləri aparsaydım, başqa yerə getməzdim.

Hamı gəlib tökülür ki, gedək professor mənə baxsın, sığortadır, baxmalıdır. Halbuki biz sığortaya daxil deyilik, çünki biz elmi hissədəyik.


Çox hörmətsiz şərait idi, müdiriyyət də bizi gah o otağa atdı, gah aşağı. Gördüm ki, böyüyə hörmət yoxdur, mən də belə şəraitdə işləyə bilməzdim. İndiki yerim də, işim də yaxşıdır. Mənə hər yerdə yer var. Sakit, rahat, hörmətli. Xəstələrim də bura gəlir. Getməyimə də peşman olmamışam. Amma əlbəttə ki, mənim doğma evim o institutdur, yenə arada gedirəm, hamı mənmlə görüşür, dərdləşir. Bəli, kollektivi düşünmək lazımdır.


- Yəni, əslində sizin sığorta məsələsinə görə narazı qalmağınız doğrudur?


- Bilirsiz, icbari tibbi sığortanın hər xəstə üçün verdiyi 1 man 20 qəpik, 2 manat professor kardioloq üçün təhqirdir. Bütün qapılara yazıb vurmaqla deyil ki, hər şey pulsuzdur. Yoxlamaq lazımdır ki, müdiriyyət özü pulu hardan qazanır. Pulsuz nəsə edirmi? Hər halda hər kəs hər şeyi bilir. Sığorta ilə hər xəstəyə pul ayrılır, o pullar xəstəyə necə xərclənir?

Qanunda yazılmayıb ki, elmi işçilər sığortayla iş görməlidir. Elmi işçi öz kabinetində oturub tematik, yəni öz elmi işi üzrə xəstələri qəbul etməlidir. Elə vəziyyət yaranıb ki, adi həkimlərin şəraiti professorunkundan daha yaxşıdır.


- Sizcə, elmi institutun işi necə qurulmalıdır? Bundan sonra Kardiologiya İnsitututun gələcəyini necə görürsüz?


- Respublikanın ən böyük infarkt şöbəsi ordadır. O boyda şöbə inkişaf etməkdənsə, geri gedir. İnfarkt şöbəsində elmi işlər aparılmalıdır. Əvvəl bizim kabinetimizdə bunun üçün kompüter, işçi, printer var idi. Arxiv, sənədlər vardı, hamısını qeydə alırdıq. İndi heç nə yoxdur. İnstitutda heç tualet də yoxdur. Bütün tualetləri kabinet etdilər. İndi kişili-qadınlı hər kəs bir tualetə gedir. Gələndə çox vədlər verdilər. Amma heç nə etmədilər. Rentgen də, angioqrafiya da yoxdur.

Ona görə də nəinki o şöbə, heç institutun da gələcəyi yaxşı görünmür.


Hazırda orda elm adında bir şey qalmayıb. İnstitutun ancaq adı var, o da havada...


- Çıxış yolu nədir? İrad və təklifinizi rəhbərliyə bildirirdinizmi?


- Elmi Şurada sözümü demişəm. Demişəm ki, sən bu işi bilmirsən, imkan ver, bilənlər danışsın. Kiməsə sözünü deyə bilmirsənsə, buna savadın çatmırsa, çağır Elmi Şuranı yığ, qoy gəlsinlər, biz deyək ki, dünyada bu sistem necədir.

Xaricdə bunun bir sistemi belədir: Professor, alim, şöbə rəhbərləri kabinetlərində oturub, tematik xəstələri qəbul edir, sistematik məlumatı daxil edir. Xəstələri elmi şöbələrə uyğun çeşidləyir. Xəstə gəlir ki, istəyirəm mənə professor baxsın. Və ya o elə xəstədir ki, adi həkim diaqnoz qoya bilmir, ona professor baxmalıdır. Onda sığorta zəhmət çəkib professorun dəyərini ödəsin. Kassaya ödəsin, bizə yox. Amma daha 1 manat, 2 manat yox.


Bizdə xəstələr qapını az qala təpiklə açır. Özü də eşidəndə ki mən də aşağıdayam, hamı istəyir ki, ona mən baxım. Professor gecəyə kimi xəstə qəbul etməlidir? Kollektivi də düşünmək lazımdır.


- Orada çalışan həkimlərin bəziləri iddia edir ki, İnstitutda direktorun qəbuluna düşmək çətin məsələdir. Kabinetində saatlarla gözlədir və kimsə etiraz edəndə izahat, akt yazdırır. Sizə qarşı münasibəti necə idi?


- Bəli, olub. Qəbulunda gözlətdirib, çıxıb getmişəm. Sonra zəng etdi ki, Elman müəllim, niyə getdiz. Nə deyim?

İndi hansı yolla müdir olurlar? Savadla, ağılla, biliklə gəlmirlər. Açığını deyim, "burda mənəm, Bağdadda kor xəlifə"lik edirlər. Bizim nəsil ayrı cür yetişib. Bizim üçün böyüklər, alimlər dəyərli idi, onlara hamımız hörmət edirdik. Bunlar isə tamam başqa münasibət sərgiləyirlər: direktordusa heç kimi saymamalıdır, professorla adi həkimə heç bir fərq qoymamalıdır, münasibətləri elmi dərəcəyə, çəkilən əziyyətlərə deyil, şəxsi münasibətlərə görə tənzimləməlidir.


Mən Elmi Şuranın üzvüyəm, ayda 1 dəfə gedirəm. O gün iclasda da iştirak edə bilmədim. Bizdə professura birinci cərgədə, öndə oturmalıdır.


Getdim gördüm, qabaqda kimlərsə oturub. Öz həkim kolleqamızdı, demək də olmur, dur get, öz yerində əyləş. Onu rəhbərlik təyin etməlidir. Mən də gördüm yerimdə kimsə oturub. Bunu da qəsdən edirlər ki, qarışıqlıq olsun. Deyirlər, yer istəmirsən, arxada yer boşdur, keç otur orda. Mən də özümə hörmət edən adamam. Əsəbləşib getdim.


Deyirəm, bunlara əncam çəkin. Əgər əncam çəkə, idarə edə bilmirsə, işi bilənə versinlər. Elə şərait yaradıblar ki, sanki İnstituta savadlı elmi kadr lazım deyil. Belə sistem olmaz.


Aygün Musayeva

Medicina.az

Şərhlər
  • Müslüm Məmmədov İMİSLİ

    Siz hara getsəz sizi partizanlarlnlz sizi tapacaq var olun Professor

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər