Ru
18:35 / 20 Noyabr 2025

Dövlət hesabına nə qədər ipoteka krediti verilib?

Dövlət hesabına nə qədər ipoteka krediti verilib?
Eye

Bu günə qədər Azərbaycanda dövlət vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin məbləği 3,7 milyard manat təşkil edib.

Bakupost.az İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, bu barədə Fondun "2024-2026-cı illər üzrə Kommunikasiya strategiyası"na uyğun olaraq daşınmaz əmlak sahəsində ixtisaslaşmış ekspertlərlə keçirilən görüş zamanı bildirib.

Qeyd edib ki, bu məbləğin 1 milyard 16 milyon manatı güzəştli ipoteka kreditlərinin payına düşür.

Yaşayış maliyyəsi alətlərinə həsr olunmuş görüşdə Fondun vəsaiti hesabına ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminə dair təqdimatlar edilib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış İpoteka və Kredit Zəmanət Fondu Qafqaz bölgəsinin ilk ipoteka bazarı operatorudur. Dövlət vəsaiti hesabına 2006-ci ildən ipoteka kreditlərinin, 2007-ci ildən isə güzəştli ipoteka kreditlərinin verilməsinə başlanılıb.

Eyni zamanda, 2020-ci ildən başlayaraq satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara kirayə mənzillər təqdim olunur. Ötən dövrdə mexanizm çərçivəsində Bakı, Sumqayıt şəhərləri, habelə Abşeron rayonu üzrə 17 müxtəlif ünvanda kirayə mənzillər vətəndaşların seçiminə təqdim edilib.

İndiyə qədər Fondun həyata keçirdiyi ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi vasitəsilə 64 647 ailənin mənzil şəraiti yaxşılaşıb. Bu çərçivədə 56 190 ipoteka krediti verilib və 8 457 vətəndaşla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılıb. Fondun yaşayış maliyyəsi alətləri vasitəsilə mənzil şəraitini yaxşılaşdıranların 70 %-ə yaxını gənclər və gənc ailələrdir.

Qeyd edilib ki, ipoteka kreditləşməsi, eləcə də satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində şəffaflığı və vətəndaşların rahatlığını təmin etmək məqsədilə proseslər tam avtomatlaşdırılıb və bütün müraciətlər Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət Sistemi üzərindən həyata keçirilir.

Görüşdə ətraflı müzakirələr aparılıb, ekspertləri maraqlandıran suallar cavablandırılıb və onların təklifləri dinlənilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar