Dövlət qurumlarının informasiya sistemlərinə qarşı kiberhücumların intensivləşməsi Azərbaycanın rəqəmsal infrastrukturunun dayanıqlığını və elektron xidmətlərin fasiləsizliyini təmin etmək imkanlarını sınağa çəkir. Lakin hücumların baş verməsi özlüyündə kibertəhlükəsizlik səviyyəsinin zəif olduğunu sübut etmir. Əsas məsələ hücumların nə dərəcədə effektiv aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasıdır.
İT və kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə
“Bakupost”a bildirib ki, DDoS(sistemi sorğularla yükləmə hücumu) hücumları sistemlərə çoxsaylı sorğular göndərərək şəbəkə resurslarını və serverləri həddindən artıq yükləyir. Nəticədə vətəndaşların elektron dövlət xidmətlərindən istifadəsi çətinləşir və ya müvəqqəti olaraq mümkün olmur.
Ekspert belə hücumların qarşısını almaq üçün internet provayderləri və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsini, zərərli trafikin filtrlənməsini, veb-tətbiq təhlükəsizlik divarlarının (WAF), yük balanslaşdırıcılarının və ehtiyat infrastrukturun tətbiqini vacib sayır. Onun sözlərinə görə, real vaxt rejimində monitorinq və şübhəli fəaliyyətlərin aşkarlanması da gücləndirilməlidir. Sistemlərin fəaliyyətini operativ bərpa etmək üçün ehtiyat serverlər və alternativ şəbəkə kanalları hazırlanmalı, yük kritik sistemlər arasında bölüşdürülməli, məlumatların ehtiyat nüsxələri saxlanılmalı və bərpa planları mütəmadi sınaqdan keçirilməlidir.
Ə.Mövsümzadə vurğulayıb ki, DDoS hücumunun əsas məqsədi xidmətlərin əlçatanlığını pozmaqdır və belə hücumun baş verməsi birbaşa fərdi məlumatların oğurlanması demək deyil. Bununla belə, yaranmış qarışıqlıqdan istifadə edilərək paralel fişinq hücumları həyata keçirilə və sistemlərdəki digər təhlükəsizlik boşluqlarından yararlanıla bilər.
Fərdi məlumatların qorunması üçün informasiyanın həm ötürülərkən, həm də saxlanılarkən şifrələnməsi, çoxfaktorlu autentifikasiyanın tətbiqi, istifadəçilərin giriş hüquqlarının məhdudlaşdırılması, müntəzəm təhlükəsizlik yoxlamaları və sistem qeydlərinin davamlı təhlili vacibdir. Vətəndaşlara isə şübhəli keçidlərə daxil olmamaq, şifrələrini və təsdiq kodlarını heç kimlə paylaşmamaq, elektron dövlət xidmətlərinə yalnız rəsmi kanallar vasitəsilə daxil olmaq tövsiyə edilir.
Ekspertin fikrincə, kibertəhlükəsizlik yalnız hücumların qarşısını almaqla ölçülmür. Sistemlərin hücumları vaxtında aşkarlaması, onların təsirini minimuma endirməsi, xidmətləri operativ bərpa etməsi və vətəndaşların məlumatlarının məxfiliyini qoruması da əsas göstəricilərdir. Bunun üçün mütəmadi təhlükəsizlik auditləri, ixtisaslı mütəxəssislərin hazırlanması, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi və beynəlxalq təcrübəyə əsaslanan risk idarəetməsi vacibdir.
Vüsalə Hüseynova,
BakuPost