Ru
11:40 / 22 İyul 2026

Dövlət vətəndaşla hansı dildə danışmalıdır?

Dövlət vətəndaşla hansı dildə danışmalıdır?
Eye

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev uzun illərdir Azərbaycanın xarici siyasət və diplomatiya sistemində çalışan, daha mürəkkəb siyasi polemikalardan keçmiş, dünyanın müxtəlif siyasi platformalarında ölkənin mövqeyini müdafiə etmiş peşəkar dövlət rəsmisidir, diplomatdır. Belə bir şəxsin leksikonu və siyasi hazırlıq baxımından son dərəcə məhdud, ritorikasının əhəmiyyətli hissəsini təhqir və söyüş üzərində quran bir blogerlə söz savaşında üstün görünməsində qeyri-adi heç nə yoxdur.

Əsas məsələ Hikmət Hacıyevin davranışı, təmkini, üslubudu - Dövlət ərkanı. Dövlət öz vətəndaşı ilə hansı dildə danışmalıdır nümunəsi…

Hətta həmin vətəndaş dövlətə qarşı ən sərt mövqedədirsə, ağır əməllərdə ittiham olunursa, onun haqqında ciddi hüquqi və siyasi iddialar varsa belə…

Dövlətin gücü söyüşə söyüşlə, təhqirə təhqirlə cavab verməkdə deyil.

Dövlət məsuliyyət tələb edə bilər. Qanun qarşısında cavab tələb edə bilər. Vətəndaşın etdiklərinin yanlışlığını üzünə deyə, onu peşman olmağa, öz davranışına yenidən baxmağa çağıra bilər. Amma bütün bunları dövlətə yaraşan dillə etməlidir.

Diqqət edin, qarşısındakı şəxs illərdir hakimiyyət və dövlət rəsmiləri, o cümlədən onun özü haqqında ən sərt ifadələr işlədir. Hikmət Hacıyev isə buna şəxsi qəzəblə cavab vermir. Əksinə, deyir: “Mənim haqqımda nə deyirsinizsə, beşqat artığını deyin”.

Daha sonra isə çox maraqlı bir ifadə işlədir: “Həyatda ən çətin şey Vətənə, dövlətə xəyanət etməkdir… O statusda yaşayan insanlara mənim yazığım gəlir”.

Və bunu “bədbəxtlik” adlandırır.

Bax, məncə, həmin dialoqda üzərində dayanmalı olduğumuz əsas məqam budur.

Burada qəzəbdən çox təəssüf var.

Hikmət Hacıyev qarşısındakı adamın etdiklərini qəbul etmir, hətta bunu Vətənə və dövlətə xəyanət kimi qiymətləndirir. Amma bütün bunların fonunda “sən məhv olmalısan”, “səni əzmək lazımdır” dili ilə danışmır.

Əksinə, “sən bu vəziyyətə necə gəlib çıxdın?” mənasına gələn bir münasibət göstərir.

Orada təkcə ittiham yox, müəyyən mənada nəsihət tonu da vardı: etdiklərinin fərqinə varmaq, düşünmək, peşman olmaq, geri dönüş imkanını itirməmək çağırışı…

Bu, çox mühüm yanaşmadır.

Çünki dövlətlə vətəndaş eyni tərəzinin iki gözündə dayanan iki rəqib deyil. Dövlət daha böyükdür. Daha güclüdür. Elə buna görə də daha təmkinli olmalıdır.

Bu gün cəmiyyətimizdə aqressiyanın sürətlə artdığı, insanların sosial şəbəkələrdə bir-biri ilə düşmən kimi danışdığı, fərqli düşünənin dərhal təhqir və xəyanət dili ilə qarşılandığı bir zamanda yüksək vəzifəli dövlət rəsmisinin ona qarşı illərlə ən sərt, hətta təhqiramiz ifadələr işlədən bir şəxslə sakit və ölçülü danışması mühüm nümunədir.

Dövlət məmurunu güclü göstərən qarşısındakını “tapdalaması” deyil. Qarşısındakı hansı dildə danışırsa-danışsın, öz səviyyəsini və dövlətin təmsil etdiyi üslubu qorumasıdır.


Hikmət Hacıyevin həmin dialoqda göstərdiyi əsas üstünlük də məncə, məhz bu idi.

Elçin Zahiroğlu

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar