Ru
14:17 / 02 Oktyabr 2025

Elm və Təhsil Nazirliyi bu istefalar barədə açıqlama verməlidir - Deputat

Elm və Təhsil Nazirliyi bu istefalar barədə açıqlama verməlidir - Deputat
Eye

Xəbər verdiyimiz kimi, ötən gün Elm və Təhsil Nazirliyinin iki qurumunun rəhbəri öz ərizəsi ilə işdən çıxıblar. Təhsilin İnkişaf Fondunun sədri Elnur Nəsibov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tutduqları vəzifədən azad edilib.

Hər iki şəxs uzun müddət Elm və Təhsil Nazirliyində fəaliyyət göstərib. Onların eyni gündə vəzifədən getməsi sosial şəbəkələrdə və ictimai müzakirələrdə müxtəlif suallar doğurub.

Bakupost.az xəbər verir ki, modern.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ictimaiyyətə aydın və rəsmi açıqlama verməli, öz mövqeyini bildirməlidir.

“Bu dəyişikliklər nazirlikdə aparılan islahatların bir hissəsidirmi, yoxsa başqa səbəblərə əsaslanır? Cəmiyyətdə yaranan sualları və narahatlıqları nəzərə alaraq, Nazirliyin bu məsələyə münasibət bildirməsi vacibdir”,- deyə millət vəkili bildirib.
O həmçinin vurğulayıb ki, Elm və Təhsil Nazirliyində ciddi islahatların aparılmasına ehtiyac var:

“Hazırda Elm və Təhsil Nazirliyi cəmiyyətin ən çox fəaliyyətini müzakirə etdiyi və müəyyən narazılıqların ünvanlandığı qurumlardan biridir. Bu narazılıqların bir qismi obyektiv səbəblərə, digəri isə subyektiv yanaşmalara əsaslana bilər. Amma istənilən halda, ictimai rəyin nəzərə alınması və cəmiyyətdə olan çaşqınlığa aydınlıq gətirilməsi üçün nazirlik baş verən dəyişikliklərlə bağlı mövqeyini açıq şəkildə ortaya qoymalıdır”.

Deputat əlavə edib ki, söhbət iki aparıcı strukturun rəhbərlərinin dəyişməsindən gedir:

“Hər iki şəxs həm səlahiyyətli mövqelərə sahib idi, həm də Elm və Təhsil Nazirliyinə yaxınlığı ilə seçilirdi. Bu baxımdan, dəyişikliklərin səbəbi barədə rəsmi cavabın verilməsi cəmiyyətin doğru məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır”.

Deputat onu da diqqətə çatdırıb ki, təhsil sahəsində dərin və sistemli islahatlara ehtiyac var:

“Təhsil sahəsinə rəhbərlik edən şəxslər mütləq peşəkar, bu sahəni dərindən bilən, yüksək idarəçilik bacarığına malik mütəxəssislər olmalıdır. Bugünkü mərhələdə təhsil islahatları daha da sürətləndirilməli və effektiv idarəetmə təmin olunmalıdır”, təhsilimizin səviyyəsi zəfərimizə uyğun olmalıdır- deyə C.Məmmədov qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar