Ru
13:54 / 25 Oktyabr 2025

Elman Nəsirov, hansı haqla bu millətə vəkillik edirsiniz?

Elman Nəsirov, hansı haqla bu millətə vəkillik edirsiniz?
Eye

Millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirovun qızı Laləzar Nəsirova-Əliyevanın (ərə getdiyi üçün soyadını dəyişdiyini bildirir) ötən gün yaydığı müraciətə cavabı təkcə uğursuz siyasi manipulyasiya cəhdi deyil, həm də xarakter, vicdan məsələsidir.

E.Nəsirov iddia edir ki, bu, radikal müxalifətin işidir, çünki onların hədəfindəyəm.

“Radikal müxalifət” deyəndə kimlər nəzərdə tutulur? Niyə onların hədəfində Elman Nəsirov olmalıdır? Elman Nəsirov “radikal müxalifət”in bu cür hücumuna niyə məruz qalmalıdır?

Elman Nəsirov çıxıb, şəstlə, ləyaqətlə, qürurla, “O, mənim qızımdır” deyə bilmir, bu ayıbı üzərinə götürüb, məsuliyyətin altına girmir və ya girəcəyini elan etmir!

Halbuki 14 dəqiqəlik müraciətində özünü mükəmməlcə ifadə edən Laləzar kimi qızla istənilən ata fəxr edərdi!
Laləzar Nəsirovanın Elman Nəsirovun qızı olduğuna heç bir şübhə yoxdur: üz, göz, bütün cizgilər sanki Elman Nəsirovdur, üstəlik, nitq qabiliyyəti, 14 dəqiqəlik çıxışda özünü normal ifadə etmək yalnız savadla deyil, həm də irsiyyətlədir, Elman Nəsirovda bu keyfiyyətlər var və qızında özünü göstərir.

Elman Nəsirovun qızının iddialarını bir kənara buraxıb, “radikal müxalifət”in yaxasından yapışmağa cəhd göstərməsi isə siyasi gediş deyil, “siyasi elmlər doktoru” adına yaraşmayan qeyri-siyasi biabırçılıqdır.
26 yaşlı, iki uşaqla çarəsiz qalan, içki düşkünü qayınatanın təzyiq, təhqirləri ilə üzləşən və evdən qovulan bir gəncin - heç vaxt sahib çıxmadığın, uşaqlıqdan necə böyüdüyünü bilmədiyin, 4 yaşında atdığın övladının dərdini necə dinləməyə, ona yardım etməyə bilərsən?

Həyat yoldaşından ayrılmaq övladından imtina etmək anlamına gələ bilməz - bunu “professor” Elman Nəsirova izah etməyə ehtiyac varmı?

Sən hansı haqla ailəsini tərk edən atanın məsuliyyətini müəyyən etmək üçün qanunlar hazırlayan şəxslərin sırasında təmsil olunursan?

Öz övladını küçələrdə buraxıb, onun telefon nömrələrini bloka atan bir ata hansı haqla, hansı vicdanla bu millətə vəkillik edə bilər?

Bir ata öz övladının küçələrdə qalmasına biganədirsə, onun millətin övladlarına münasibəti necə ola bilər?
Tərcümeyi-halından ilk evliliyindən olan övladını tamamilə silən bir ata Milli Məclisdə necə oturub, ədalətli qanunlar qəbul edə, ictimaiyyətin üzünə çıxıb, vicdanlı şərhlər verə bilər?

Laləzar xanımın müraciəti dinləyənlərin ürəyini sızladır, insanları sarsıdır, amma atası bunu siyasət üzərinə gətirməyə çalışıb, yön dəyişdirməyə cəhd edirsə, onda “mənəviyyat”, “vicdan”, “insanlıq” sözləri xatırladılmalıdır.

Doğrusu, Elman Nəsirovun bu sözlər haqda məlumatlı olub-olmadığı, siyasi elmlər oxuyarkən bu sözlərin də mənasını öyrənib-öyrənmədiyi haqda heç bir təsəvvürümüz yoxdur! Bildiyimiz odur ki, vicdan, insanlıq hissi, övlada və millətə sevgi, humanistlik, əxlaq və s. kimi dəyərlər öyrədilmir, öyrənilmir, bu hiss və duyğularla insan doğulur. Bu hiss və duyğular hər kəsdə var, hər bir insanda, amma bəziləri zamanla bu hisslərin üstünü haramla, yalanla, saxtakarlıqla, qorxaqlıqla, Mehdiyev kimilərə xidmətlə ört-basdır edib, bu hissləri karyera zirvəsinin altında qoyursa və “altdan” - aşağıdan gələn səsi qulaqları duymursa, mütləq anlamalıdır ki, bir gün o vicdan şaxtaları mütləq çökəcək və zirvə sandığı kül təpəcikləri dağılacaq, o kül isə başına, gözünə, üzünə töküləcək.

Vicdanı basdırmağa çalışıb, bütün həyatını siyasi oyunlarla pərdələməyə çalışanlar mütləq bu kül içində tarixə gömüləcəklərini anlamalıdırlar.

Məhəmməd Əli
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar