2025-ci ilin sonunda Azərbaycanda işçi qüvvəsinə tələbatın yarıdan çoxu emal sənayesinin payına düşüb. Maliyyə və sığorta sektorunda isə bu göstərici olduqca aşağı olub.
“Bakupost” xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarının əhatə etdiyi müəssisələrdə boş iş yerlərinin tutulması üçün ümumilikdə 61 min 501 nəfərlik işçi qüvvəsinə tələbat qeydə alınıb.
Bu tələbatın 34 min 299 nəfəri emal sənayesinin payına düşüb. Beləliklə, ümumi işçi tələbatının təxminən 55,8 faizi təkcə bu sektorda formalaşıb.
Digər sahələr üzrə göstəricilər xeyli aşağıdır. Tikintidə 2 min 744, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 2 min 299, təhsildə 2 min 274, səhiyyə və sosial xidmətlərdə isə 2 min 184 nəfərlik işçi qüvvəsinə tələbat qeydə alınıb.
Maliyyə və sığorta sektorunda vəziyyət xüsusilə diqqət çəkir. İlin sonunda bu sahədə cəmi 189 nəfərlik işçi qüvvəsinə tələbat göstərilib.
Bəs emal sənayesində işçiyə tələbatın bu qədər yüksək, maliyyə və sığorta sektorunda isə aşağı olmasının səbəbi nədir?
ReAL Partiyasının sədri, iqtisadçı ekspert
Natiq Cəfərli “Bakupost”a bildirib ki, emal sənayesində işçi qüvvəsinə tələbatın artmasının əsas səbəblərindən biri ölkədə yeni layihələrin həyata keçirilməsidir:
“Buraya ölkəmizdə sürətlə həyata keçirilən alternativ enerji layihələri də daxildir. Yəni bu layihələrin də prosesə təsiri var”.
Ekspert hesab edir ki, ən azı 2029-cu ilə qədər emal sənayesində işçi qüvvəsinə tələbat artmaqda davam edəcək:
“Çünki ABŞ və digər ölkələrin şirkətləri ilə yeni layihələrin həyata keçirilməsi ilə bağlı müqavilələr bağlanıb. Buna görə də boş iş yerləri üzrə ümumi tələbatda emal sənayesinin çəkisinin yüksək olması təbiidir”.
Bank və sığorta şirkətlərində yeni işçilərə tələbatın aşağı olmasını isə Natiq Cəfərli bu sektorlarda sürətlənən rəqəmsallaşma ilə əlaqələndirib.
Onun sözlərinə görə, onlayn bankçılığın və onlayn sığorta xidmətlərinin genişlənməsi bir sıra ənənəvi əməliyyatların insan əməyi olmadan həyata keçirilməsinə imkan yaradır:
“Ona görə də bu sahələrdə işçiyə tələbat azalır və bu, təbii prosesdir. Yaxın gələcəkdə həmin sektorlarda işçi tələbatının artacağını gözləmək əbəsdir. Əksinə, yaxın illərdə də azalma tendensiyasının davam edəcəyini düşünürəm”.
Beləliklə, əmək bazarındakı rəqəmlər iqtisadiyyatın ayrı-ayrı sahələrində fərqli tendensiyaların formalaşdığını göstərir. Yeni istehsal və investisiya layihələri emal sənayesində əlavə işçi qüvvəsinə ehtiyacı artırdığı halda, bank və sığorta sektorunda rəqəmsallaşma ənənəvi iş yerlərinə tələbatı tədricən azaldır.
Rüfət Sultan,
BakuPost