Ru
16:03 / 24 Aprel 2026

Ermənistanda faşizim dalğası: Türkiyə bayrağını yandıranlar və susan türk mediası

Ermənistanda faşizim dalğası: Türkiyə bayrağını yandıranlar və susan türk mediası
Eye

Ermənistandakı revanşist və faşist qüvvələr Türkiyə və Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkmirlər.
Xəbər verdiyimiz kimi, bu qaragüruhçu qüvvələr aprelin 23-də Ermənistanın paytaxtı İrəvan şəhərində qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı keçirilən yürüş zamanı Türkiyənin dövlət bayrağını yandırıblar. Bununla Ermənistan cəmiyyəti bir daha göstərir ki, onlar hələ də radikallığın, milliyyətçiliyin, faşizm ideologiyasının güclü təsiri altında qalmağa davam edirlər.
Vaxtilə azərbaycanlılara qarşı törədilən qəddarlıq, Azərbaycanın tarixi abidələrinin dağıdılması, tarixin saxtalaşdırılması bu ideologiyanın əyani təzahürləridir.

Hər hansı dövlətin bayrağının yandırılması nifrət yaradan davranışdır. Bu mənada, aydındır ki, həmin addım İrəvanla Ankara arasında gərginliyi artırmağa hesablanıb. Baş vermiş hadisəyə görə, hətta baş nazir Nikol Paşinyan pisləsə də, Ermənistan hakimiyyəti birbaşa məsuliyyət daşıyır. İrəvanda xüsusi təşkil olunmuş tədbirdə belə bir aktın törədilməsinin və hakimiyyətin, polisin buna yol verməsinin demokratiya və ifadə azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən insidentə yol verənlər məsuliyyətə cəlb olunmalı, cəzalandırılmalıdır.

Maraqlıdır ki, Türkiyə mediası baş vermiş bu hadisənin üzərindən sükutla keçir. Hər xırda bir məsələyə görə Azərbaycanı hədəf götürməyi özünə borc bilən Türkiyə mediasının Türkiyə xalqının olduqca həssas yanaşdığı bayrağın yandırılması məsələsində susqunluğu düşündürücüdür.

Ola bilər ki, Türkiyədəki Ermənistan sevərlər burada da öz sözünü deyərək medianın ağzını bağlamağı bacarıblar.
Bu gün Türkiyədə Rəcəb Tayyib Ərdoğan kimi Azərbaycanla qardaşlığa böyük önəm verən güclü bir lider var. Ərdoğan da hesab edir ki, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münaisbətləri paralellik təşkil edir.

Siyasi şərhçi Abutalıb Səmədov Bakupost.az-a bildirib ki, Ermənistandakı yürüş zamanı Türkiyə bayrağının yandırılması erməni cəmiyyətinin kim olduğunu bir daha nümayiş etdirdi:

“Son illər ciddi hadisələr baş verib. Ankara ilə İrəvan arasında münasibətlərin düzəlməsi yolunda qarşılıqlı səylər göstərilir. Bu istiqamətdə danışıqlar da olub. Hətta onlar real addımların atılması ərəfəsinə qədər gəliblər”.

Ekspertin sözlərinə görə, bayrağın yandırılması kimi faşist hərəkətlər məhz Türkiyə ilə yaranan müsbət tendensiyanı pozmaq məqsədi daşıyır:

“Erməni cəmiyyətində bu cür xəstə təxəyyüllü insanlar kifayət qədər çoxdur. Ermənistanda fəaliyyət göstərən partiyaların mütləq əksəriyyəti bu cür insanların düşüncələrini ifadə edir, türk dünyasına düşmən mövqedən yanaşırlar”.

Türkiyə bayrağının yandırılması müsahibimizə görə, Ankara İrəvan arasında münasibətlərinin yaxşılaşmasına ciddi maneə yarada bilər:

“Türkiyə ilə Azərbaycan arasında münasibətlər sarsılmaz, dəyişməz münasibətlərdir. Müəyyən məsələlərdə fərqli mövqelər sərgiləyirik. Amma bu da xarici siyasəti əlaqələndirməyimizin, məsləhətləşmələr aparmağımızın nəticəsidir. Şuşa bəyannaməsində açıq şəkildə yazılıb ki, iki qardaş dövlət xarici siyasət xəttini əlaqələndirmək öhdəliyi götürür. Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, İrəvanla münasibətlərin düzəlməsi zamanı Azərbaycanın mövqeyi nəzərə alınacaq. Amma Türkiyə bayrağının yandırılması onun İrəvanla münasibətlərinin yaxşılaşmasına ciddi maneə yaradır. Türkiyə rəbərliyi də yaxşı başa düşür ki, bu sayaq davranış münasibətlərin normallaşmasında maraqlı olmayan Ermənistan müxalifətinin əməlidir”.

Ekspert deyir ki, hadisə ilə bağlı Ermənistan hakimiyyəti də məsuliyyət daşıyır:

“İqtidar hadisəni törədənləri qanuna müvafiq olaraq cəzalandırmalıdır”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar