Ru
13:30 / 04 May 2026

Ermənistanda seçki sonrası ssenarilər: Vəziyyət nəzarətdən çıxa bilər

Ermənistanda seçki sonrası ssenarilər: Vəziyyət nəzarətdən çıxa bilər
Eye

Təxminən bir aydan sonra Ermənistanda parlament seçkiləri keçiriləcək. Hazırda həm iqtidarda olan Paşinyan komandası, həm də revanşistlər ciddi şəkildə prosesə hazırlaşırlar. Eyni zamanda, Ermənistandakı seçkilərə dolayı yolla xarici müdaxilə də istisna deyil. Rusiya hər vəclə çalışır ki, hakimiyyətə özünə tam loyal olan birisi gəlsin. Bu əsasda da milyarder Samvel Karapetyana dəstək verirlər. Qərb isə əksinə, ümumən Paşinyanın iqtidarda qalmasında maraqlıdır. Bütün bunlar Ermənistanda seçkilərin olduqca gərgin keçəcəyinə işarədir. Hətta bu fonda seçkidən sonra ciddi qarşıdurmaların, çevrilişlərin olması ehtimalı da istisna edilmir.

Politoloq Aytən Qurbanova Bakupost.az-a bildirib ki, Ermənistandakı seçkilər heç də asan keçməyəcək:

“Çünki bu seçkilər sadəcə bir ölkə daxilində baş verən siyasi proses kimi qiymətləndirilmir”.

Ekspert qeyd edir ki, bu seçki Qərblə Rusiya arasındakı qarşıdurmanın növbəti mərhələsidir:

“Belə olan halda hadisələrin gedişindən asılı olaraq narahatedici ssenarilərin olacağı da istisna edilmir. Rusiyayönümlü namizədlər təşviqat dövründə əsasən revanşizmin təşviqinə, sülh gündəliyinə zərbə vuran çıxışlara önəm verirlər. Paşinyan komandası isə əksinə, seçkiyə sülh gündəliyilə gedir. Onlar Azərbaycanla münasibətlərin yaxşılaşması, ölkənin regional proseslərə inteqrasiyası və ölkənin daha müstəqil siyasi kursa sahib olmasını təbliğ edirlər”.

Həmsöhbətimizin sözlərinə görə, Rusiya bir yana, heç Qərb tərəfindən də Paşinyana birmənalı dəstək yoxdur:

“Son baş verənlərə nəzər yetirdikdə aydın şəkidə görünür ki, nə Rusiya, nə də Qərb tərəfindən Paşinyana birmənalı dəstək ifadə olunmur. Okampo olayı göstərir ki, Avropa İttifaqı çərçivəsində də Paşinyanı devirmək ssenarisini təşviq etməyə çalışan “diplomatlar” və müəyyən siyasi dairələr var. Prosesin gedişi belə deməyə əsas verir ki, Ermənistandakı seçki sonrası proseslər idarəolunmaz və nəzarətdən çıxan istiqamətdə inkişaf edə bilər. Bu ehtimal böyükdür”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar