Ru
10:40 / 24 Fevral 2026

“Əsas gücümüz kollektiv intizam və təvazökarlıqdır” – “Qarabağ”ın braziliyalı müdafiəçisinin müsahibəsi

“Əsas gücümüz kollektiv intizam və təvazökarlıqdır” – “Qarabağ”ın braziliyalı müdafiəçisinin müsahibəsi
Eye

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” klubu ilə həlledici qarşılaşmaya hazırlaşır. Bakıdakı ilk oyunda 1:6 hesablı məğlubiyyətə baxmayaraq, bu gün keçiriləcək cavab görüşü öncəsi komanda daxilində motivasiya və mübarizə ruhu qorunur.

Bakupost.az xəbər verir ki, “Qarabağ”ın sağ kənar müdafiəçisi, 26 yaşında, 1,83 boyunda olan Braziliyanın “Fluminense” klubunun yetirməsi Daniel Lima de Kastro (Dani Bolt) müsahibəsində həm qarşıdakı oyun, həm klubun daxili strukturu, həm də şəxsi adaptasiya prosesi ilə bağlı fikirlərini bölüşüb.

2025-ci ilin iyulunda “Qarabağ”a transfer olunan Dani Bolt qısa müddətdə klubun tarixi mövsümünün bir parçasına çevrilib. Braziliyalı futbolçu Çempionlar Liqasında çıxış etməyi karyerasında mühüm mərhələ kimi qiymətləndirir.

“Qarabağın əsas fərqi kollektiv yanaşmadır. Burada hər şey komanda üçün edilir. Qrup çox güclü, eyni zamanda təvazökardır. Oyunun tələbinə uyğun olaraq həm müdafiədə, həm də hücumda birlikdə hərəkət edirik. Hər gün kiçik addımlarla inkişaf etmək bu kollektivin əsas fəlsəfəsidir”, – deyə müdafiəçi bildirib.

“Qarabağ”ın Ağdamdan Bakıya köçməsi və illərdir “müharibə qaçqını” statusunda fəaliyyət göstərməsi futbolçunun diqqət çəkdiyi xüsusi məqamlardandır. Onun sözlərinə görə, klubun tarixi və simvolik mənası futbolçular üçün əlavə məsuliyyət yaradır.

“Bu klub təkcə idman layihəsi deyil, böyük bir hekayənin daşıyıcısıdır. Komandanın və azarkeşlərin yaşadıqları çətinliklər hər bir futbolçuya əlavə motivasiya verir. Bu, meydanda daha çox mübarizə aparmağa vadar edir”, – müdafiəçi vurğulayıb.

“Fluminense” akademiyasının yetirməsi olan Dani Bolt “Bolt” ləqəbini sürətinə görə hələ gənc yaşlarında qazanıb. Onun sözlərinə görə, bu ləqəb Azərbaycanda da maraqla qarşılanıb.

“Ləqəbim burada sual doğurdu. Mən də bunun sürətimlə bağlı olduğunu izah etdim. Açığı, bu mövzuya xüsusi önəm vermirəm. Daniel də olar, Bolt da”, – futbolçu qeyd edib.

Adaptasiya məsələsinə toxunan Dani Bolt “Qarabağ”da və Azərbaycanda gördüyü münasibəti müsbət qiymətləndirib. O, klub daxilindəki mühitin və insanların yanaşmasının uyğunlaşma prosesini xeyli asanlaşdırdığını bildirib.

“Mədəniyyət fərqlidir, amma həm klub daxilində, həm də gündəlik həyatda çox müsbət münasibət gördük. Komandada sağlam atmosfer var, insanlar açıq və yardımsevərdir. Bakı da çox dinamik və gözəl şəhərdir”, – deyə o əlavə edib.

“Qarabağ” son 12 mövsümdə ardıcıl olaraq UEFA turnirlərinin qrup mərhələlərində iştirak edib və bu mövsüm də bir sıra nüfuzlu Avropa klublarını geridə qoyaraq diqqət mərkəzinə düşüb. Dani Bolt bu uğurları klubun uzunmüddətli strategiyası ilə əlaqələndirir.

“Çempionlar Liqasında oynamaq hər futbolçunun arzusudur. Bu səviyyədə mübarizə aparmaq həm qürurvericidir, həm də böyük məsuliyyətdir. Biz bununla kifayətlənmək istəmirik, daim irəli baxırıq”, – müdafiəçi bildirib.

“Nyukasl”la cavab oyunu öncəsi vəziyyəti dəyərləndirən Dani Bolt komandanın rasional yanaşmanı qoruduğunu deyib.

“Rəqibin gücünü anlayırıq. Bu, dünyanın ən güclü liqalarından birini təmsil edən komandadır. Bizim üçün əsas məsələ nəzarət edə bildiyimiz amillərə fokuslanmaqdır. 90 dəqiqə ərzində maksimumu ortaya qoymağa çalışacağıq. Meydanda kim daha düzgün oynayacaqsa, nəticəni də o müəyyən edəcək”, – deyə o fikrini tamamlayıb.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar