Azərbaycanda ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının bazara çıxarılması ayrıca tənzimlənəcək.
“Bakupost” xəbər verir ki, bu, Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Proqrama əsasən, evdə və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi mexanizmi formalaşdırılacaq. İlkin mərhələdə bununla bağlı təkliflər hazırlanacaq, daha sonra hüquqi baza yaradılacaq. Mexanizmin tətbiqinə 2028–2032-ci illərdə başlanılması nəzərdə tutulur.
Bəs yeni mexanizm evdə qida hazırlayıb satan vətəndaşlar üçün nəyi dəyişəcək? Onlara hansı tələblər qoyula bilər?
Mövzu ilə bağlı “Bakupost”a danışan qida eksperti Fərid Səfərov bildirib ki, əsas məqsəd ev şəraitində qida hazırlayıb satan şəxsləri qeyri-rəsmi fəaliyyətdən çıxararaq nəzarətli və təhlükəsiz sistemə cəlb etməkdir:
Ekspertin sözlərinə görə, yeni mexanizm çərçivəsində fəaliyyətin qeydiyyatı, istehsalçının müəyyənləşdirilməsi, məhsullar barədə məlumatların təqdim edilməsi, gigiyena, saxlanma, qablaşdırma və daşınma qaydaları ilə bağlı tələblər müəyyən edilə bilər:
“Xüsusilə ət, süd və süd məhsulları, yumurta, kremli şirniyyatlar, konservlər kimi mikrobioloji riskləri yüksək olan məhsullara daha ciddi tələblərin qoyulması mümkündür”.
Ekspert vurğulayıb ki, ev şəraitində kiçik həcmdə istehsal edən şəxslərlə iri qida müəssisələrinə eyni tələblərin tətbiqi düzgün yanaşma olmaz:
“ Əks halda vətəndaş üçün prosedurlar həddindən artıq mürəkkəbləşə və kiçik sahibkarlığın qarşısında əlavə maneələr yarana bilər. Daha məqsədəuyğun yanaşma risk əsaslı nəzarət sisteminin tətbiqidir: risk nə qədər yüksəkdirsə, tələb və nəzarət də bir o qədər ciddi olmalıdır”.
Ekspert hesab edir ki, qaydalar düzgün hazırlanarsa, yeni mexanizm evdə qida hazırlayıb satanlar üçün əlavə imkanlar yarada bilər:
“Qeydiyyat və aydın qaydalar həm istehsalçının fəaliyyətini leqallaşdırmasına, həm də istehlakçının məhsula daha çox etibar etməsinə şərait yarada bilər. Eyni zamanda, bazarda gigiyenik və təhlükəsizlik tələblərinə əməl etmədən məhsul satan şəxslərin qarşısının alınması da asanlaşar”.
F.Səfərov deyir ki, mexanizmin uğuru tələblərin nə qədər real və tətbiqolunan olmasından asılı olacaq:
“Vətəndaşdan kommersiya müəssisəsi səviyyəsində ağır və bahalı prosedurlar tələb olunarsa, insanlar yenidən qeyri-rəsmi satışa yönələ bilərlər. Buna görə də əsas prinsip “qadağan etmək və cərimələmək” deyil, “sadələşdirmək, maarifləndirmək və təhlükəsizliyi təmin etmək” olmalıdır.
Yəni yeni qayda düzgün qurularsa, həm istehlakçının sağlamlığını qorumaq, həm də evdə qida məhsulları hazırlayıb satmaq istəyən vətəndaşlar üçün qanuni və daha əlçatan fəaliyyət modeli yaratmaq mümkündür. Əsas məsələ kiçik istehsalçının imkanlarını nəzərə alan, amma qida təhlükəsizliyindən güzəştə getməyən balanslı sistemin formalaşdırılmasıdır”.
Lalə Novruz, BakuPost