Ru
16:53 / 11 Sentyabr 2026

ABŞ İran qarşısında geri çəkilir? – Payızdakı seçkidən sonra nə baş verəcək?

ABŞ İran qarşısında geri çəkilir? – Payızdakı seçkidən sonra nə baş verəcək?
Eye

Cari ilin noyabrın 3-də ABŞ-də Konqresin hər iki palatasına aralıq seçkilər keçiriləcək.

Bu fonda əksər ekspertlərin fikrincə, aralıq seçkilərdə Demokratlar Partiyasının qələbə çalacağı ehtimalı daha böyükdür. Keçirilən sorğular da göstərir ki, demokratlar aralıq seçkilərlə hər iki qanunverici palatada respublikaçıların üstünlüyünü aradan qaldıra bilərlər.

Bu fonda maraqlıdır, demokratlar aralıq seçkilərlə Konqresdə üstünlük əldə etsələr, onun ABŞ-İran qarşıdurmasına nə kimi təsirləri olacaq?

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov “Bakupost”a bildirib ki, Donald Trampın hakimiyyətə gəlişi ilə Amerikanın daxili və xarici siyasətində kifayət qədər ciddi dəyişikliklər baş verdi:


“ABŞ-də aralıq seçkilər iki ildən bir keçirilir. İndilikdə Konqresin hər iki palatasında respublikaçılar üstün mövqedədir. Qanunvericilik hakimiyyətində onların üstünlüyü özünü təbii ki, ümumi prosesdə də göstərir. Ölkə Trampın iqtidarı dövründə bir sıra ciddi uğursuzluqlara məruz qalıb. Buna görə, respublikaçıların qarşıdan gələn seçkilərdə məğlub olma ehtimalı da yüksəlib. Onların nüfuzdan düşmələri də əsasən ABŞ-İran müharibəsi, onun dünya iqtisadiyyatına təsiri, yanacağın bahalaşmasından qaynaqlanır. Yəni yaşanan bu kimi proseslər seçkidə öz təsirini göstərəcək. Düzdür, respublikaçıların məğlubiyyəti heç də Prezidentin dəyişməsi anlamına gəlmir”.

Müsahibimiz hesab edir ki, aralıq seçkilər demokratların qələbəsilə başa çatsa da belə, ABŞ İrana münasibətdə radikal addımlar atmağı davam etdirəcək:

“Belə bir yanaşma yenə də ABŞ-nin dövlət siyasəti olaraq qalacaq. Düzdür, noyabrdan sonra proses fərqli formada tətbiq oluna bilər. Amma yenə də İranla mübarizə məsələsi ABŞ-nin dövlət siyasətinin əsas istiqaməti olaraq qalacaq. İranı zəiflətmək, onu öz nəzarəti altına keçirmək ABŞ-nin dövlət siyasətidir. Öncəki Prezident Barak Obama diplomatiya yolunu tutaraq, 2015-ci ildə İranla uranın zənginləşdirilməsini nəzarətdə saxlanılması, onun nüvə silahına sahib olmaması ilə bağlı müqavilə bağladı. Tramp isə bu istiqamətdə radikal addımlar ataraq, müharibə yolunu tutdu”.

Müsahibimizin sözlərinə görə, Trampın İranla bağlı atdığı bir sıra addımlarda, hətta qanunverici orqan demokratların nəzarətinə keçsə də belə, artıq geriyə yol yoxdur:

“Tramp rubikonu keçib. Ağ Evdə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, onlar İran məsələsində də elə addımlar atmalıdırlar ki, bu ABŞ-nin məğlubiyyəti kimi deyil, qələbəsi kimi təqdim olunsun. Çünki məğlub olmaq, Yaxin Şərqdən geri çəkilmək, ABŞ-nin neft-dollar siyasətinin iflası və hegemonluğunun sonunun yaxınlaşması demək olacaq”.

Bu səbəbdən SHAM sədri hesab edir ki, demokratların aralıq seçkilərdə qələbəsi fonunda Vaşinqton seçkidən sonra İranın məğlubiyyətini qabartmaqla geri çəkilmə siyasətini ortaya qoya bilər:

“Bu da sadəcə zaman məsələsidir. Bütün hallarda ABŞ Yaxın Şərq siyasətində uğursuzluğa düçar olub”.
Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar