Ru
12:20 / 03 Dekabr 2025

Evə buraxılandan bir gün sonra öldü – "Əməliyyatı həkimin köməkçisi edib" - QALMAQAL

Evə buraxılandan bir gün sonra öldü – "Əməliyyatı həkimin köməkçisi edib" - QALMAQAL
Eye

Qax rayonunun Turaclı kənd sakini Aynurə Seyidəliyeva bir neçə ay öncə əməliyyat olunan və daha sonra vəfat edən qayınanasının ölümündə həkimləri günahlandırır.

Bakupost.az “Qafqazinfo”ya müraciət edən Aynurə Seyidəliyeva Avropa Beynəlxalq Hospitalının həkimi Sevinc Babayeva tərəfindən əməliyyat olunan 71 yaşlı Ayşad Seyidəliyevanın səhlənkarlıq səbəbi ilə həyatını itirdiyini iddia edib.

Onun sözlərinə görə, xəstə ayağındakı sağalmayan yara ilə bağlı Qaxdan Bakıya gətirilib: “Şəkidə keçirilən doppler müayinəsində damarların quruduğu, yaranın da buna görə sağalmadığı bildirildiyi üçün Bakıda damar əməliyyatı təyin olunub. Ayşad Seyidəliyeva aprelin 15-i icbari tibbi sığorta göndərişi ilə Avropa Beynəlxalq Hospitalında həkim-invaziv radioloq Sevinc Babayeva tərəfindən əməliyyat olunub.

Əməliyyat başlayandan sonra həkimin assistenti Ramidə telefonla əlaqə saxlayaraq 600 manat ödəniş tələb edib. Biz bildirdik ki, axı bu icbari sığorta göndərişi ilə xəstə əməliyyat olunur. Bizə dedilər ki, “nə olsun? Həkimin hörmətini etmək lazımdır”. Püstə adlı xanım gəlib bizdən 600 manat pulu aldı. Bu xanım Avropa Hospitalında müdir müavini işləyir. Biz ödənişi rəsmi qaydada ödəmək istədiyimizi tələb edəndə pulu əldən ödəməyimizi dedilər. Xəstəmiz də əməliyyatda idi və biz o anda həkim deyəni etdik. Birinci əməliyyat yaxşı keçdi, nəticəni də 15 günə görürdük. Həkim bildirdi ki, daha yaxşı sağalması üçün ikinci ayaq da əməliyyat olunmalıdır”.

Şikayətçi qayınanasının ikinci əməliyyat üçün aprelin 29-u yenidən xəstəxanaya çağırıldığını söyləyib. İddialara görə, heç bir analiz götürülmədən xəstə əməliyyata alınıb və gecə yenidən 600 manat tələb olunub. Daha sonra məbləğ 500 manata endirilib. Ailə ümumilikdə iki əməliyyata 1100 manat qeyri-rəsmi ödəniş etdiyini bildirir: “Əməliyyatdan sonra “səhər saat 10-da xəstənizi gəlib çıxararsız” dedilər. Deyilən vaxtdan 30 dəqiqə gecikmişdik, gördük ki, xəstə dəhlizdə oturub bizi gözləyir. Rəngi ağarmış və halsız vəziyyətdə idi. Dedilər əməliyyatdan yeni çıxdığı üçündür, düzələcək. Eyni qayda ilə ilk dəfə olduğu kimi Sevinc Babayevadan xəstə haqqında heç bir məlumat almaq mümkün olmadı.

İkinci əməliyyatdan sonra qayınanamın vəziyyəti ağırlaşdı, qan təzyiqi düşdü və qarnı şişdi. Həkimə məlumat verilsə də, “əməliyyatdan sonra normaldır” cavabını aldıq. Daha sonra o, MRT müayinəsinə göndərildi və məlum oldu ki, ikinci əməliyyat zamanı damar zədələnməsi nəticəsində daxili qanaxma baş verib”.

Mərhumun gəlininin sözlərinə görə, daha sonra məlum olub ki, ikinci əməliyyatı həkimin özü yox, köməkçiləri edib: “Amma həkim özü bunu inkar etdi. İcbari sığorta xəstəni “Kəpəz Hospitalı”na göndərdi. Biz icbari sığorta göndərişi ilə getdiyimizə baxmayaraq, Seymur Musayev bizdən 2500 manat pul tələb etdi, məsələni aydınlaşdırdıqda isə qalmaqal yaratmağa çalışdı. Sonradan xəstəmiz digər palataya köçürüldü, başqa həkimə həvalə olundu. Bizdən 150 manat palata pulu alındı”.

Aynurə Seyidəliyeva qeyd edib ki, xəstə mayın 4-ü evə buraxılıb, lakin mayın 5-i vəziyyəti kəskin pisləşib. Təcili yardım çağırılsa da, həyatını xilas etmək mümkün olmayıb. O, hadisənin həkim səhlənkarlığı nəticəsində baş verdiyini iddia edib və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, prokurorluğa müraciət olunduğunu deyib.

Məsələ ilə bağı mövqeyini öyrənmək üçün Seymur Musayevlə əlaqə saxlasaq da, o bu hadisədə adının hallanmasını istəmədiyini bildirdi.

İlk əməliyyatı icra edən Sevinc Babayeva isə ümumiyyətlə, müraciətimizə cavab vermədi.
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar