Ru
10:27 / 14 Sentyabr 2026

FHN təhlükəni təsdiqləyib, problem isə qalır – Bakı sakini kömək istəyir

FHN təhlükəni təsdiqləyib, problem isə qalır – Bakı sakini  kömək istəyir
Eye

Bakının Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 143 A ünvanında yerləşən yaşayış binasının sakini, jurnalist Elman Eldaroğlu binadakı yanğın təhlükəsizliyi ilə bağlı ciddi problemlərin uzun müddətdir aradan qaldırılmadığını bildirir.

Sakinin sözlərinə görə, binada yanğınəleyhinə avadanlıqlar yararsız vəziyyətdədir, mərtəbələrdə təxliyə çıxışları bağlanıb. O, məsələ ilə bağlı dəfələrlə Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə müraciət etdiyini, əraziyə baxış keçirən FHN əməkdaşlarının da göstərilən nöqsanları təsdiqlədiyini deyir.

Maraqlıdır ki, FHN-in vətəndaşa göndərdiyi rəsmi cavab məktublarında da müraciətdə göstərilən faktların təsdiqini tapdığı qeyd olunur.

FHN-in 1-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Ayaz Eyyuboğlunun adından göndərilən cavabda bildirilir:

“Əməkdaşlarımız tərəfindən sözügedən ünvana baxış keçirilən zaman müraciətdə qeyd olunan faktın öz təsdiqini tapdığı müəyyən olunmuşdur”.

Məktubda məsələnin həlli üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və “Azərişıq” ASC-yə müvafiq müraciətlərin göndərildiyi də qeyd edilir.

1-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsini icra edən Fərid Qonaqovun adından göndərilən digər cavab məktubunda isə yenidən faktların təsdiqləndiyi vurğulanır. Həmçinin yanğın təhlükəsizliyi sahəsində aşkar edilmiş pozuntularla əlaqədar binanın komendantı Şamil Əliyev barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi bildirilir.

Beləliklə, əsas sual açıq qalır: FHN özü binada yanğın təhlükəsizliyi ilə bağlı pozuntuların mövcudluğunu rəsmən təsdiqləyirsə, bu təhlükə niyə hələ də aradan qaldırılmayıb?

Elman Eldaroğlu məsələnin başqa bir tərəfinə də diqqət çəkir. Onun iddiasına görə, məktubda adı çəkilən komendant “Binəqədi-38” MMMC-də rəsmi əmək müqaviləsi olmadan çalışır. Sakin hesab edir ki, belə olan halda binanın saxlanılması və təhlükəsizliyinə görə məsuliyyətin kim tərəfindən daşındığı, inzibati protokolun hansı hüquqi əsaslarla məhz komendant barəsində tərtib edildiyi də araşdırılmalıdır.

O, komendantın əmək münasibətlərinin rəsmiləşdirilib-rəsmiləşdirilmədiyinin aidiyyəti dövlət qurumları tərəfindən yoxlanılmasını istəyir.

Sakinin qaldırdığı digər məsələ binada elektrik avtomobillərinin enerji ilə doldurulması üçün quraşdırıldığı bildirilən avadanlıqla bağlıdır. Elman Eldaroğlu həmin qurğunun qanunvericiliyin və yanğın təhlükəsizliyi normalarının tələblərinə uyğun olub-olmadığının araşdırılmasını tələb edir. Onun sözlərinə görə, həmin qurğudan binada yaşayan və FHN sistemində rəhbər vəzifədə çalışan şəxslərdən biri də istifadə edir.

Sakin bildirir ki, məsələ ayrı-ayrı şəxslərin cərimələnməsi ilə bitməməlidir. Əsas məsələ yüzlərlə insanın yaşadığı binada FHN tərəfindən də təsdiqlənmiş yanğın təhlükəsinin real şəkildə aradan qaldırılmasıdır.

“Əgər sabah binada yanğın baş versə, bağlı təxliyə çıxışları və işləməyən yanğınsöndürmə vasitələri insanların həyatını təhlükə qarşısında qoya bilər. Faktlar artıq FHN tərəfindən də təsdiqlənib. Biz cərimə haqqında məktub yox, problemin həllini istəyirik”, – deyə sakin bildirir.

Elman Eldaroğlu aidiyyəti dövlət qurumlarına müraciət edərək “Binəqədi-38” MMMC-nin fəaliyyətinin, binadakı yanğın təhlükəsizliyi vəziyyətinin, təxliyə yollarının, yanğınəleyhinə sistemlərin, elektrik avtomobilləri üçün quraşdırılmış enerji doldurma avadanlığının, eləcə də binanın idarə olunması ilə bağlı əmək və hüquqi münasibətlərin kompleks şəkildə yoxlanılmasını xahiş edir.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Ədliyyə Nazirliyinin, “Azərişıq” ASC-nin və “Binəqədi-38” MMMC-nin mövqeyini dərc etməyə hazırıq.

BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar