44 günlük vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dövlət başçısı demək olar ki, hər ay bölgələrə səfər edir, yeni obyektlərin açılışında iştirak edir. Şəhər və kəndlərdə məktəblər, xəstəxanalar, yollar tikilir, əscidlər bərpa olunur, mühüm infrastruktur qurulur, Hər gün hansısa rayona qaçqın və məcburi köçkünlərin köçürülməsi ilə bağlı xəbərlər paylaşılır.
Lakin görülən böyük işlər fonunda sosial şəbəkələrdə bəzən kiçik qüsurları qabardılır. Araşdırıldıqda isə bəlli olur ki, bu tip məlumatlar məqsədli şəkildə edilir və bərpa prosesinə kölgə salmağa xidmət edir. Bunun son nümunəsi Füzulidə baş verən subasma hadisəsidir.
Belə ki, Füzuli şəhəri, 5-ci bina , 112-ci mənzildə su basma hadisəsi barədə müraciət daxil olub. Araşdırma ilə müəyyən edib ki, problem həmin mənzildən deyil, üst mərtəbədə yerləşən 115-ci mənzildə radiatora sakin tərəfindən edilən kənar müdaxilə nəticəsində yaranıb.
Məlumata görə, mühəndis-kommunikasiya sistemində aparılan özbaşına dəyişiklik barədə Ağdam, Füzuli və Xocavənd rayonlarının Bərpa, Tikinti və İdarəetmə Xidmətinə məlumat verilməyib. Sistem yoxlanarkən su verildiyi zaman zədələnmiş radiator açılıb və su həm həmin, həm də aşağı mərtəbədəki mənzilə axıb. Hadisədən dərhal sonra zərərçəkən və məsuliyyət daşıyan sakinlər Xidmətə dəvət olunub, məsələnin mahiyyəti izah edilib. Bildirilib ki, dəymiş zərər müvafiq qaydada problemi törədən şəxs tərəfindən ödənilməlidir.
Hadisə yerli sakinin günahı ucbatından baş versə də, sosial şəbəkədə həm bu, həm də buna bənzər digər hadisələrə başqa don geyindirilir. Məqsəd isə yuxarıda qeyd etdiyimiz kimi, quruculuq işlərinə kölgə salmaq, baş verənlərə görə dövləti günahlandırmaqdır.
Məsələ ilə bağlı
Bakupost.az -a danışan deputat Elçin Mirzəbəyli hesab edir ki, Füzulidə baş verən məişət xarakterli hadisəni cəmiyyətin daha geniş davranış modeli fonunda təhlil etdikdə, ortaya xüsusi diqqət tələb edən sosial psixologiya çıxır:
“Son günlər sosial mediada bu kimi məişət xarakterli məsələlərdən qaynaqlanan narazılıqların şişirdilməsi, hadisələrin kontekstdən çıxarılması və dövlət qurumlarının əsassız ittihamlara məruz qoyulması müşahidə olunur. Bu hallar təkcə Füzuli ilə məhdudlaşmır. Təəssüf ki, bu, ümumi tendensiyadır.
Reallıq isə ondan ibarətdir ki, Azərbaycan dövləti 30 ilə yaxın işğal altında qalmış, tamamilə dağıdılmış yurd yerlərinizdə misilsiz, genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirir. Bu prosesin hər bir mərhələsi, o cümlədən ərazilərin minalardan təmizlənməsi, tamamilə dağıdılmış şəhərlərin yenidən qurulması, yolların, su, elektrik, qaz və kommunikasiya xətlərinin çəkilməsi, yeni kəndlərin və qəsəbələrin salınması, əhalinin köçürülməsi, müasir idarəetmə infrastrukturunun formalaşdırılması həm nəhəng maddi, həm də böyük insan resursları tələb edir. Bunun fonunda bəzən vətəndaşların xırda məişət nasazlığı ilə bağlı dövlət qurumlarını sərt ittiham etməsi, sosial şəbəkələrdə emosional videolar paylaşması, ümumi azad edilmiş ərazilərimizdə həyata keçirilən dövlət siyasətinə kölgə salmağa yönəlmiş ittihamlar irəli sürməsi patoloji hal almış vətəndaş ərköyünlüyü kimi görünür. İnsanların hətta özlərinin tikdiyi və təmir etdiyi evlərdə belə, ən adi su xətti nasazlığından tutmuş elektrik naqillərinin sıradan çıxmasına qədər saysız-hesabsız problemlər yarana bilir. Bu, yaşayışın, həyatın, məişətin təbiətidir. Yeni tikilmiş böyük həcmli şəhər infrastrukturunda belə lokal texniki nasazlıqların baş verməsi isə tamamilə təbii qəbul olunmalıdır və hər yerdə rast gəlinən bir haldır”.
E.Mirzəbəylinin sözlərinə görə, əslində məsələ daha geniş anlayışı – dövlət-vətəndaş münasibətlərində məsuliyyət mədəniyyətini gündəmə gətirir:
“Dövlət öz funksiyasını ən yüksək səviyyədə icra edirsə, vətəndaş da öz üzərinə düşəni etməlidir. İlk növbədə yaşayış fonduna icazəsiz müdaxilə etməməli, mühəndis-kommunikasiya sistemlərinə dəyişiklik etmək istəyirsə, müvafiq qurumlara məlumat verməli, problem yarandıqda onu aidiyyəti quruma vaxtında bildirməli, sosial mediada əsassız ittihamlarla ajiotaj yaratmaqdan çəkinməlidir.
Çünki ictimai etibarın sarsılması yalnız dövlətə yox, həmin cəmiyyətin özünə zərər vurur. Azad edilmiş ərazilərdə qurulan yeni həyat modeli həm dövlətin, həm də vətəndaşın birgə məsuliyyətinə əsaslanır. Həmin yaşayış məntəqələri yalnız tikililərdən ibarət deyil. Bu ərazilər strateji dirçəliş məkanıdır və hər bir davranış həmin dirçəlişə ya töhfə verir, ya da onun zədələnməsinə xidmət edir.
Bir zamanlar bu torpaqlar üçün “ac-susuz qalmağa”, “bir udum havası üçün ölməyə” hazır olduqlarını deyirdilər. İndisə hər qarışı şəhidlərimizin müqəddəs qanı ilə suvarılmış yurd yerlərimizə geri döndükdən qısa müddət sonra gileylənməkdən, sanki ömrünü, sağlamlığını, canını Qarabağımızın düşmən tapdağından azad olunması üçün fəda edənlərin bunlara borcu varmış kimi davranmaqdan utanmayanları görəndə dilim-dodağım quruyur...
Bir zamanlar yuxularında belə görə bilmədiklərini görüb də utanmadan giley libasına bürünənlər, düşmənin viran qoyduğu şəhər və kəndlərimizdə qısa müddət ərzində görülən işlərin miqyasına, yaradılan şəraitə, zirvələrdə dalğalanan üçrəngli Azərbaycan bayrağına və nəhayət, şəhid analarının qürurlu duruşuna, kədərli gözlərinə baxsınlar...”.
Lalə Novruz, BakuPost