Ru
18:22 / 26 İyun 2026

Fransada rekord istilər Marin Le Peni də "yandırdı"

Fransada rekord istilər Marin Le Peni də "yandırdı"
Eye

Fransada rekord istilər və iqlim dəyişikliyi gələn il keçiriləcək prezident seçkiləri ərəfəsində siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib.

Bakupost.az xəbər verir ki, bu barədə "Politico" saytı məlumat yayıb.

Saytın xəbərinə görə, bu vəziyyət indiyədək iqlim dəyişikliyinin əhəmiyyətini azaltmağa çalışan ifrat sağçı Milli Birlik (Rassemblement National) partiyasını çətin vəziyyətə salıb.

Partiyanın keçmiş lideri Marin Le Pen 2022-ci il seçki kampaniyasında "cəzalandırıcı ekoloji siyasətə son qoyacağını" vəd etmiş, 2023-cü ildə isə BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunu (IPCC) həddindən artıq "təlaş yaratmaqda" ittiham etmişdi.

Hazırda Milli Birlik əsas çıxış yolu kimi ölkədə kondisionerlərin sayının artırılmasını təklif edir. Lakin "Elabe" sorğu şirkətinin keçirdiyi sorğu göstərib ki, fransızların üçdə ikisi bunu yalnız qısamüddətli həll hesab edir və hökumətin istiləri daha da artırmayacaq uzunmüddətli tədbirlərə üstünlük verməsini istəyir. Maraqlıdır ki, Milli Birliyin seçicilərinin də yarısı eyni mövqeni bölüşür.

Sorğuya görə, respondentlərin üçdə ikisi baş nazir Sebastyan Lekornu hökumətinin isti hava böhranını düzgün idarə etmədiyini, 53 faizi isə Fransanın belə istilərə hazır olmadığını düşünür.

Lekornu bildirib ki, hökumət gələn il üçün ölkənin daha isti iqlim şəraitinə uyğunlaşmasına dair struktur islahatları hazırlayır. Lakin müxalifət onu problemi gələcəyə ötürməkdə ittiham edir.

Milli Birliyin deputatı Jan-Filip Tanqi dövlətin kondisioner almaq üçün götürüləcək kreditlərin faizlərini ödəməsini təklif edib. Onun sözlərinə görə, proqramın dəyəri təxminən 20 milyard avro ola bilər. Fransa hökuməti isə genişmiqyaslı kondisionerləşdirmənin küçələrə əlavə istilik buraxacağı üçün problemi daha da ağırlaşdıracağını bildirir.

Hələlik gələn il keçiriləcək prezident seçkilərində Milli Birliyin namizədinin Marin Le Pen, yoxsa partiya sədri Jordan Bardella olacağı məlum deyil. Qərarın Le Penin mənimsəmə işi üzrə apellyasiya məhkəməsinin hökmündən sonra veriləcəyi gözlənilir. Bardella isə daha əvvəl iqlim dəyişikliyinə öz nəslinin daha həssas yanaşdığını desə də, bu sahədə yeni təşəbbüs irəli sürməyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar