Ru
18:34 / 07 Avqust 2025

Gələcəyin Bakısı: Mərkəzi Park genişləndirilir, yeni yaşıllıq zonaları... - FOTO

Gələcəyin Bakısı: Mərkəzi Park genişləndirilir, yeni yaşıllıq zonaları... - FOTO
Eye

Son illərdə Azərbaycanın müxtəlif şəhərlərində, xüsusilə paytaxtda yeni yaşıllıq zonaları yaradılır. Bu cəhət ölkəmizə gələn əcnəbi vətəndaşların da diqqətindən yayınmır, onlar Bakının "yaşıl şəhər"ə çevrilməsini, çoxlu sayda ağacların, parkların mövcudluğunu, müasirliklə qədimliyin vəhdətini heyranlıqla dilə gətirirlər.

Paytaxtda yaşıllıq ərazilərin artırılması, urban mühitin transformasiyası istiqamətində mühüm layihələrin həyata keçirilməsi göz qabağındadır.

Yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları yaradılarkən şəhərin qədimliyi qorunur, onun əvvəlki görkəminə xələl gətirilmir.

Hazırda Bakının Yasamal rayonu ərazisində yerləşən, keçmiş “Sovetski” kimi tanınan ərazidə qəzalı binaların söküntü işlərinə start verilib.

Bakupost.az xəbər verir ki, prosesin necə həyata keçirildiyini görmək, onun hansı dinamika ilə davam edəcəyini ilə maraqlanmaq üçün Teleqraf-ın əməkdaşları "Sovestki"yə üz tutublar.

Ərazidə olan Yasamal Rayon İcra hakimiyyətinin şöbə müdiri Elnur Abbaszadə açıqlamasında bildirib ki, “Sovetski” istismar müddətini başa vuran, qəzalı vəziyyətdə olan, şəhərin estetik görünüşünə xələl gətirən binaların sökülməsinə sürətlə davam edir.

Onun sözlərinə görə, sakinlərin təhlükəsizliyi və şəhərsalma baxımından əhəmiyyətli olan proses gələcək üçün daha səmərəli və faydalı layihələrin reallaşmasına zərurət yaradır.

Həmçinin Mərkəzi Parkın bu günə qədər istifadəyə verilən 3 hissəsi təxminən 36 hektar təşkil edir. Bu ərazinin də sökülərək həmin park zonasına birləşdirilməsi onun davamıdır. Dördüncü hissədə parka metronun "Nizami" stansiyasının ətrafında 21 hektara yaxın ərazi də əlavə olunacaq.

Mərkəzi Parkın birinci hissəsinin açılışı 2019-cu il may ayında olub. O zaman “Sovetski” adlandırılan ərazi sökülərək, yerində müasir tələblərə cavab verən geniş park məkanı yaradılıb. Burada gəzinti yolları, oturacaqlar, fəvvarələr və müasir landşaft dizaynı park mədəniyyətində yeni standart yaradıb. Parkın ikinci və üçüncü hissələri isə 2022-ci və 2024-cü illərdə sakinlərin istifadəsinə verilib. Velosiped yolları, açıq hava idman zonaları, uşaq oyun meydançaları və sakit istirahət sahələri əlavə edilib. Park ərazisinin ətrafındakı nəqliyyat və piyadaların hərəkəti də optimallaşdırılıb.

E.Abbaszadə bildirib ki, belə yaşıllıq zonasının yaradılması təkcə estetik deyil, həm də ekoloji baxımdan da şəhər üçün böyük əhəmiyyət daşıyır. Sakinlərin mədəni və rahat istirahəti üçün yaradılmış park yerli əhalimizin və şəhərə gələn qonaqların böyük rəğbətini qazanır. Hazırda davam edən söküntü işləri Mərkəzi Parkın daha da genişləndirilməsinə, yeni yaşıllıq zolaqlarının salınmasına, bir sıra sosial-ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsinə, şəhərin ümumi görkəminin daha da abadlaşdırılmasına xidmət edir".

Şöbə müdiri tarixi binaların invertar nömrəsinin müəyyən olunduğunu və onların qorunub saxlanacağını vurğulayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlunun sözlərinə görə, Mərkəzi Park ərazisində böyük süni gölün yaradılması nəzərdə tutulur.

""Təzə Pir" məscidinin ətrafındakı və Baş planla ictimai-işgüzar zona kimi müəyyən edilmiş ərazidə tarixi məhəllənin də Bakının özünəməxsus şəhərsalma və memarlıq nümunəsi kimi ətraf mühitə və yeni şəhərsalma strukturuna inteqrasiyası üçün müasir standartlara uyğun abadlaşdırılması və yenidən qurulması planlaşdırılır.

Qeyd edilən işlər paytaxtımızın unikal tarixi və memarlıq siması saxlanılmaqla, Baş plana və müasir şəhərsalma standartlarına uyğun olaraq daha da inkişaf etdirilməsi, rahat, mobil və yaşıl şəhərə çevrilməsi istiqamətində atılan növbəti önəmli tədbirlər sırasındadır".

O vurğulayıb ki, “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” gələcəyin Bakısını formalaşdırmaq üçün əsas yol xəritəsi rolunu oynayır.

"Baş planın əsas prioritetlərindən biri şəhərin mərkəzində yaşıl və ictimai məkanların genişləndirilməsi, eyni zamanda, tarixi məkanların və urban irsin qorunmasıdır", - R.İdrisoğlu əlavə edib.

Gələcəyin Bakısı: Mərkəzi Park genişləndirilir, yeni yaşıllıq zonaları... - FOTO
Gələcəyin Bakısı: Mərkəzi Park genişləndirilir, yeni yaşıllıq zonaları... - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar