Rusiya Dövlət Duması xüsusi təhlükəsizlik şirkətlərinin əməkdaşlarına strateji obyektləri qorumaq məqsədilə avtomat silahdan istifadə hüququ verən qanunu təsdiqləyib. Prezident Vladimir Putin tərəfindən imzalanan qanun kritik infrastruktur obyektlərinin təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulub.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, yeni qanuna əsasən, strateji baxımından mühüm dövlət müəssisələri, dövlət korporasiyaları və digər əhəmiyyətli obyektlərin mühafizəsi ilə məşğul olan kommersiya şirkətlərinin əməkdaşları müvəqqəti olaraq odlu silahdan istifadə edə biləcəklər. Hüquq yalnız “kritik əhəmiyyətli obyektlər” və “ən yüksək prioritetli obyektlər” kateqoriyasına daxil edilmiş yerlərdə tətbiq edilir.
Qanun qoruma şirkətlərinin əməkdaşlarına həmçinin xidmət silahını və müvafiq lisenziyaya malik digər silahları almaq və istifadə etmək hüququnu verir. Rusiya mediasının məlumatına görə, bu hüquqlar təhlükəsizliyin artırılması və kritik obyektlərin terror və pilotsuz uçuş aparatlarından qorunması üçün nəzərdə tutulub.
Deputatlar bildiriblər ki, qanun layihəsi xüsusilə strateji obyektlərə qarşı mümkün təhlükələr fonunda əlavə müdafiə mexanizmlərini təmin etmək məqsədi daşıyır. Qanunun qəbul edilməsi ilə gözətçilərin hüquqları genişlənir və kritik obyektlərin qorunması üçün operativ tədbirlərin həyata keçirilməsi mümkün olur.
Cavid, BakuPost