Gürcüstan hökuməti 2026-cı il üçün İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mərkəzi aparatının ştat cədvəlini və rəsmi maaşlarını təsdiqləyib.
Bakupost.az Yeniavaz.com-a istinadən xəbər verir ki, nazirliyin mərkəzi aparatında ümumilikdə 225 nəfər çalışır.
Onlardan 7-si nazir və nazir müavinləri, 174-ü dövlət qulluqçusu, 44-ü isə inzibati müqavilə əsasında çalışanlardır. Nazirlik üzrə ümumi əməkhaqqı fondu 11 milyon 338 min lari (7 milyon 165 min manat) təşkil edəcək.
Hesablamalara görə, 2026-cı ildə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvilinin aylıq maaşı 13 600 lari (8 595 manat) təşkil edəcək. Nazirin birinci müavini Nino Enukidze aylıq 12 000 lari (7 584 manat), digər beş nazir müavininin isə hər biri 11 600 lari (7 331 manat) maaş alacaq.
Müqayisə üçün bildirək ki, Azərbaycanda nazir və nazir müavinlərinin əməkhaqqı ilə bağlı sonuncu məlumat 1 mart 2022-ci il tarixinə aiddir. Ölkə başçısının həmin tarixdə imzaladığı 1609 nömrəli Fərmana əsasən, Azərbaycanda nazirlərin və komitə sədrlərinin aylıq əməkhaqqı (əlavələrlə birlikdə) 7 650 manat, birinci müavinlərin aylıq əməkhaqqı 6 625 manat, müavinlərin aylıq əməkhaqqı isə 6 125 manat təşkil edir.