Ru
14:37 / 02 İyun 2023

“Haqqımızı ala bilməsək..." - İş adamı Fərhad Əhmədovu məhkəməyə çəkir

“Haqqımızı ala bilməsək..." - İş adamı Fərhad Əhmədovu məhkəməyə çəkir
Eye

Bir müddət əvvəl saytımızda "Havissos" MMC şirkətinin təsisçisi və direktoru Ruslan Hüseynovun milyarder Fərhad Əhmədovdan şikayətini dərc etmişdik.


O qeyd etmişdi ki, rəhbərlik etdiyi "Havissos" MMC müqavilə əsasında milyarderə məxsus yaşayış komplekslərində ventilyasiya, isitmə, soyutma və su təchizatı (VİSST) sistemlərinin montajı işlərini görüb.


Ruslan Hüseynov milyarderin bu işlər müqabilində "Havissos" MMC şirkətinə ödəniləcək vəsaitin bir hissəsini (90 min manat) ödəməkdən imtina etdiyindən şikayətlənmişdi.



Məsələ ilə bağlı milyarder Fərhad Əhmədovun mətbuat katibi Müşfiq Əlizahid Bakupost.az -a açıqlamasında "Havissos" MMC şirkətinin gördüyü işlərdə ciddi çatışmazlıqlar aşkarlandığını bildirmiş, bu məsələnin mətbuata çıxarılmasında məqsədin Fərhad Əhmədovun adını hallandırmaq olduğunu vurğulamışdı.




"Havissos" MMC şirkətinin təsisçisi və direktoru Ruslan Hüseynov yenidən Bakupost.az -a müraciət edib.


O, milyarderin mətbuat katibinin açıqlaması ilə razılaşmadığını bildirib:


“Müşviq bəy media sahəsində çalışan adamdır və sadaladığı texniki işlər haqda ona yanlış məlumat verilib. Çünki bizim şirkətə Fərhad Əhmədovun obyektlərində gördüyümüz işlərlə bağlı çatışmazlıqlar barədə heç bir müraciət daxil olmayıb. Əgər çatışmazlıqların görüntüləri varsa, buyurub təqdim etsinlər. Mətbuat katibi həmçinin bizim tələb etdiyimiz pulun iki qatı qədər həmin obyektlərə xərc çəkildiyini deyib. Zəhmət olmasa, o işlərin görülməsi haqda müqavilələri və smeta xərclərini də təqdim etsinlər. Müşviq bəyin sadaladığı o 4 obyekdə heç bir şirkət iş görməyib. Heç servis işləri belə hər hansı bir ixtisaslaşmış şirkətə və yaxud servis briqadasına həvalə edilməyib. Halbuki, bu sistemlər bahalı sistemlərdir. Onların servisi ilə mütləq bu sahədə ixtisaslaşmış mütəxəssislər məşğul olmalıdır. Qeyd edim ki, avadanlıqlara qulluq və servis işlərini icra edən maaşlı texniki işçilər hələ də bizimlə əlaqə saxlayır və bizdən pulsuz texniki məsləhətləralırlar”.


R.Hüseynov M.Əlizahidin milyarderin adını hallandırmaqla bağlı fikirlərinə də münasibət bildirib:


“Azərbaycan Respublikasının "Media haqqında" qanununun 5.3. maddəsinə əsasən, hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququ var. Bizim nə Fərhad Əhmədovla, nə də digərləri ilə heç bir qərəzimiz yoxdur. Heç kimə qara yaxmaq fikrimiz də yoxdur. Şəxsən, özüm dəfələrlə Fərhad Əhmədovun şəxsi elektron poçt ünvanınaə bizə olan borcun ödənilməsinə köməklik göstərməsi üçün iki dildə - azərbaycanca və rusca müraciətlər etsəm də, cavabsız qalıb. Həmin məktubları təqdim edə bilərəm. Bundan sonra isə məcbur qalıb media vasitəsilə həm Fərhad Əhmədova, həm də aidiyyatı qurumlara müraciət etdik ki, bizim səsimizi eşitsinlər. Əlbəttə, haqqımızı ala bilməsək, məhkəməyə də müraciət edəcəyik”.


Aynur İbrahim
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar