Xəbər verdiyimiz kimi, AXCP sədri Əli Kərimliyə qarşı Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) ittiham irəli sürülüb. O, məhkəmənin qərarı ilə Əli 2 ay 15 gün müddətə həbs olunub.
"Ramiz Mehdiyev işi" üzrə istintaqa cəlb olunan Məmməd İbrahimə də eyni maddə ilə ittiham irəli sürülüb.
Bundan başqa, Türkiyədə saxlanılan Milli Məclisin keçmiş deputatı Gültəkin Hacıbəyli bu gün səhər Azərbaycana deportasiya olunub.
Milli Şuranın sədri Cəmil Həsənli isə DTX-də ifadə verdikdən sonra sərbəst buraxılıb.
Versiyalara görə, həbslər Milli Şura ilə bir vaxtlar Rusiyanın layihəsi kimi yaradılan "Milyarderlər İttifaqı" arasında əlaqələr, eləcə də dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevlə iş birliyi ilə bağlıdır.
Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, vaxtilə Milli Şuranın yaradılması Azərbaycanda xaos yaratmağa hesablanmış bir addım idi:

“Sadəcə, ölkədəki radikal müxalifətin, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin buna gücü çatmadığı üçün anti-azərbaycançı mərkəzlər mövqelərini birləşdirdilər və indi aydın olur ki, bu proseslərdə koordinasiyanı Ramiz Mehdiyev edibmiş. Çünki verilən ifadələr də, versiyalar da, baş vermiş hadisələrin analizləri də onu göstərir ki, Moskvada "Milyarderlər İttifaqı"nın yaradılması, Azərbaycanda Xalq Cəbhəsi radikallarının təşkilatlandırılması, daban-dabana zidd olan bu iki qruplaşmanın Milli Şura çətiri adı altında birləşdirilməsi mütləq güclü bir əl tələb edirdi. İndi bəlli olub ki, Azərbaycan dövlətçiliyinə qarşı bu prosesi idarə edən o güclü əl arxasında Rusiyanın gücünü hiss edən, hazırda vətənə xəyanət ittihamı ilə istintaqa cəlb olunan akademik Ramiz Mehdiyevin əli imiş. Ona görə də mənə elə gəlir ki, ictimai tələbat kimi ortaya çıxan suallar hüquqi müstəvidə öz həllini tapmalıdır. Mən Əli Kərimlinin, Cəmil Həsənlinin dindirilməsini, Gültəkin Hacıbəylı ilə bağlı müəyyən hüquqi prosedurların həyata keçirilməsini sadəcə, böyük bir prosesin başlanğıcı kimi görürəm və düşünürəm ki, kütləvi ictimai rəydə Azərbaycan dövlətinə qarşı çıxan bu qrupların düşüncələri hüquqi müstəvidə də öz əksini tapacaqdır və hüquq onları cəzalandıracaq".
H.Babaoğlu qeyd edib ki, bütövlükdə ölkə artıq yeni bir tarixi mərhələyə qədəm qoyub:
"90-cı illərin xaos, qarşıdurma, xəyanət fəlsəfəsi ilə bu gün siyasi sistemdə mövcud olmaq mümkün deyil. Ona görə də mənə elə gəlir ki, Azərbaycan siyasətinin Xalq Cəbhəsi səhifəsi artıq bağlanmalı, tarixə qovuşmalıdır. Heç bir səmərə verməyən, yalnız Azərbaycanda qarşıdurma yaratmaq istəyən Milli Şura adlandırılan o qurum da tarixə qovuşmalıdır. Beləliklə, biz daha böyük məqsədlər, daha böyük gələcək üçün siyasi sistemimizi yenidən təşkil etməli və mübarizəmizi aparmalıyıq”.
Lalə Novruz, BakuPost