Ru
11:59 / 14 Fevral 2024

Həcc ziyarəti 1565 dollar bahalaşıb - Səbəb nədir?

Həcc ziyarəti 1565 dollar bahalaşıb - Səbəb nədir?
Eye

Xəbər verdiyimiz kimi, fevralın 12-dən etibarən Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib. Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ünvanında yerləşən inzibati binasında aparılacaq. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Göründüyü kimi, Həcc ziyarətinin qiymətində yenə artım var. Ötən il bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları ( 9775,00 AZN ) təşkil edib. Ümumilikdə, pandemiyadan əvvəlki dövrlə müqayisədə Azərbaycandan Həcc ziyarətində ciddi bahalaşma qeydə alınıb. 2018-ci ildə Həcc ziyarətinin qiyməti 4150 dollar, növbəti il 4285 dollar olub. 2020 və 2021-ci illərdə pandemiyaya görə ziyarət təşkil olunmayıb. Beləliklə, pandemiyadan bir il əvvəlki dövrlə müqayisədək bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1565 dollar və ya 2660 manat artıb.



İqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a bildirib ki, Həcc ziyarətinin qiymətinin ildən-ilə bahalaşmasına səbəb ölkədə bu ziyarətin yalnız bir qurum tərəfindən həyata keçirilməsidir:


“Azərbaycandan fərqli olaraq, qonşu müsəlman ölkələrində fiziki şəxslərə Həcc ziyarətini təşkil etməyə icazə verilir. Azərbaycanda isə Həcc ziyarətini ancaq Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Həcc ziyarətini yalnız İdarə təşkil etdiyi üçün qiymət də bu qurum tərəfindən təyin olunur. Fikrimcə, əgər Həcc ziyarəti bir neçə şirkət tərəfindən təşkil olunarsa, bu zaman rəqabətli mühit yaranar. Bu isə qiymətlərin aşağı düşməsinə səbəb olar”.



Həcc ziyarətinin bahalaşmasına münasibət bildirən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib ki, ziyarətin qiymətində ciddi bahalaşma yoxdur. O, qiymət artımının təxminən 100 ABŞ dolları civarında olduğunu söyləyib:

“Dünyada baş verən müharibələr və global iqtisadi böhran fonunda hər yerdə olduğu kimi, Səudiyyə Ərəbistanı Krallığında da bahalaşma müşahidə olunur. Bu da Həcc ziyarətinin qiymətində cüzi bahalaşmaya səbəb olub".

Sevinc
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar