Yay mövsümündə bazarlarda meyvə-tərəvəz bolluğu müşahidə olunsa da, qiymətlər hələ də yüksək olaraq qalır. Adətən məhsulun bol olduğu dövrdə qiymətlərin enməsi gözlənilsə də, bu il bir çox məhsul üzrə ciddi ucuzlaşma baş verməyib.
Mövzu ilə bağlı
“Bakupost”a danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, qiymətlərin formalaşması yalnız məhsul bolluğundan asılı deyil.
Onun sözlərinə görə, istehsaldan istehlakçıya qədər olan bütün mərhələlərdə yaranan xərclər son qiymətə təsir göstərir:
“Burada daşınma, saxlanma, topdansatış, pərakəndə satış və digər xərclər mühüm rol oynayır”.
Ekspert qeyd edib ki, son illərdə yanacaq, logistika, qablaşdırma materialları, əməkhaqqı və digər əməliyyat xərclərinin artması məhsulun maya dəyərini yüksəldib. Fermer məhsulu əvvəlki illə eyni qiymətə istehsal etsə belə, onu bazara çatdırmaq daha baha başa gəlir.
A.Nəsirlinin sözlərinə görə, bəzi məhsullar üzrə ixracın artması da daxili bazarda təklifin azalmasına səbəb olur:
“Xarici bazarlarda daha yüksək qiymət təklif olunursa, istehsalçılar məhsulun bir hissəsini ixraca yönəldirlər. Bu da daxili bazarda qiymətlərin sürətlə ucuzlaşmasına mane olur.”
Ekspert əlavə edib ki, hava şəraiti də qiymətlərə ciddi təsir göstərən amillərdəndir. Yaz və yay aylarında qeyri-sabit hava, dolu, leysan və uzunmüddətli istilər məhsuldarlığı azalda, satış üçün yararlı məhsulun həcmini aşağı sala bilər.
A.Nəsirli bildirib ki, qiymət fərqinin yaranmasında vasitəçilərin də rolu var:
“Fermerdən çıxan məhsulun qiyməti ilə bazarda istehlakçıya təqdim olunan qiymət arasında bəzən ciddi fərq yaranır. Bu fərq təkcə daşınma və saxlanma xərcləri ilə deyil, topdansatış və pərakəndə satış mərhələlərində formalaşan əlavə marjalarla da bağlıdır”.
Ekspertin sözlərinə görə, yaxın həftələrdə mövsümi məhsulların yığımının pik həddə çatması ilə əlaqədar pomidor, xiyar, qarpız, yemiş və bəzi meyvələrin qiymətində müəyyən ucuzlaşma müşahidə oluna bilər. Lakin bu tendensiyanın bütün məhsul qruplarını əhatə edəcəyi gözlənilmir.
“İxrac tələbinin yüksək olduğu və ya istehsalı məhdud olan məhsullarda qiymətlərin yüksək qalması mümkündür. Ümumilikdə, yaxın dövrdə bəzi məhsullar üzrə mövsümi ucuzlaşma baş versə də, bazarda kəskin qiymət enişi gözləmək üçün ciddi iqtisadi əsaslar hələ ki görünmür.”
Vüsalə Hüseynova,
BakuPost