Xəbər verdiyimiz kimi, 1990-cı illərin sonları-2000-ci ilin əvvəllərində mərhum Prezident Heydər Əliyevin tərcüməçisi işləyən Rauf Hüseynov vaxtilə Ramiz Mehdiyevin təbliğatına qoşulduğu üçün vəzifəsindən uzaqlaşdırılıb. Onun hazırda xaricdə biznes fəaliyyətilə məşğul olduğu barədə məlumat var.
Bakupost.az Rauf Hüseynovun qardaşı Samir Hüseynov barədə ilginc məlumatlar əldə edib. Sən demə, S.Hüseynov hazırda Azərbaycan Boks Federasiyası prezidentinin müşaviridir.

O, bundan əvvəl “Texnikabank”da çalışıb. Hətta 2014-cü ildə qalmaqallı “Texnikabank” işi ilə bağlı məhkəmə prosesində mühakimə edilənlər arasında olub.

Bankın İdarə Heyətinin sədri olmuş Samir Hüseynov məhkəməyə verdiyi ifadə zamanı özü haqda bir sıra məlumatları da açıqlayıb. Həmin məlumatlardan aydın olur ki, o, ABŞ-da təhsil alıb, bir müddət orada işləyib. 1999-cu ildə hərbi xidmət zamanı çatdığı üçün Azərbaycana qayıdıb.

Həbs olunana qədər 9 il "Texnikabank"da çalışan S.Hüseynov Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunub. Ona 8 il həbs cəzası verilsə də, sonradan bu qərar 4 il şərti cəza ilə əvəzlənib və S.Hüseynov azadlıqda qalıb.
Cavid,BakuPost