Ru
06:38 / 23 Dekabr 2025

İllərlə münasibətim olan adamlar gəlib üzümə dururlar - Anar Əsədli

 İllərlə münasibətim olan adamlar gəlib üzümə dururlar - Anar Əsədli
Eye

Ləğv edilmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin dekabrın 19-da məhkəməsi olub.


Bakupost.az xəbər verir ki, o həbsi barədə qərarın ədalətsiz olduğunu vurğulayıb.

Külli miqdarda dələduzluqda suçlanan A.Əsədli bildirib ki, zərərçəkmiş qismində tanınan şəxslərə borcu yoxdur, onlara qarşı heç bir cinayət də törətməyib. O, zərərçəkmişlərdən bir neçəsi ilə hələ mərhum prezident Əbülfəz Elçibəy dövründən yoldaşlıq münasibətləri olduğunu yada salıb: "Onların birdən-birə məndən şikayətçi olmaları sifarişdir. 2022-ci ilin oktyabrında "bandotdel"dən zəng gəldi ki, səndən şikayət var. Gedib ifadə verəndə məlum oldu ki, şikayətçilərin üçü də illərlə tanıdığım insanlardır. Oqtay Qasımov evimdən çıxmırdı, İlham Hüseynov mənə "siyasi liderim" deyirdi. İllərlə münasibətim olan adamlar gəlib üzümə dururlar. Hələ, üstəlik, mənimlə işgüzar münasibətləri olmuş adamlara da deyiblər ki, gəlin, şikayətçi olun".

O.Qasımov Elçibəyin köməkçisi olub.

A.Əsədli əlavə edib ki, uzun müddət Azərbaycanda və Türkiyədə bizneslə məşğul olub.

Məhkəmə prosesi yanvarın 9-da davam edəcək.

A.Əsədli Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə suçlanır. Bu maddənin sanksiyasında 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Məhkəmədə dörd nəfər - Oqtay Qasımov, İlham Hüseynov, Etibar Nəsibov və Tamara Allahverdiyeva zərərçəkmiş qismində tanınıblar.

A.Əsədli ilk dəfə 2023-cü il aprelin 21-də həbs edilib, iyulda ev dustaqlığına buraxılıb və oktyabrda cinayət işinə xitam verilib. Ancaq sonradan Baş Prokurorluq xitam qərarını ləğv etdiyindən A.Əsədli haqqında dələduzluq ittihamıyla cinayət işi yenidən istintaqa açılıb.

2020-ci il dekabrın 6-da Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) təsis qurultayında A.Əsədli partiyanın başqanı seçilib, 2021-ci ilin oktyabrında isə həmin partiya dövlət qeydiyyatına alınıb.

2023-cü il iyunun 23-də sözügedən partiya fəaliyyətini dayandırdığını açıqlayıb. Həmin dövrdə partiyanın başqanı həbsdəymiş.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar