Pakistan məhkəməsi artıq həbsdə olan ölkənin sabiq baş naziri, “Ədalət Hərəkatı” partiyasının lideri İmran Xana korrupsiya işi üzrə əlavə 17 il həbs cəzası verib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, onun həyat yoldaşı Büşra Bibi də 17 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə qərarında qeyd olunub ki, hökm çıxarılarkən Xanın yaşlılığı və həyat yoldaşının cinsi nəzərə alınıb və bu da daha yüngül cəzaya səbəb olub.
İstintaq müəyyən edib ki, 2021-ci ilin mayında Xan vəzifəsindən istifadə edərək Səudiyyə Ərəbistanı hökumətindən qızıl-zinət əşyaları hədiyyə alıb, onları dövlət anbarına təhvil verməyib və faktiki dəyərindən təxminən 14 dəfə aşağı qiymət ödəyib.
Məhkəmə onu vəzifə səlahiyyətlərini pozmaq da daxil olmaqla bir neçə maddə üzrə günahkar bilib və cərimə kəsib; cərimə ödənilməzsə, həbs müddəti artırılacaq.
“Ədalət Hərəkatı” partiyası yeni hökmü qınayaraq, onun etibarlı sübutlara əsaslanmadığını bəyan edib.
Xan özü əvəllər iddia etmişdi ki, Pakistan müxalifəti Çin və Rusiya ilə həmrəy olan müstəqil xarici siyasətinə görə onu baş nazir vəzifəsindən uzaqlaşdırmaq üçün Vaşinqtonla əlbir olub .
Pakistanın informasiya naziri Attaullah Tarar izah etdi ki, yeni hökm əvvəlki hökmün icrasından sonra qüvvəyə minəcək. 2025-ci ilin yanvar ayında Xan ayrıca korrupsiya ittihamı ilə 14 il, həyat yoldaşı isə yeddi il müddətinə azadlıqdan məhrum edilib.
İmran Xan 2018-ci ildən 2022-ci ilin aprelinə qədər baş nazir olub və parlament tərəfindən etimadsızlıq səsindən sonra vəzifəsindən azad edilib. 2023-cü ildən məhkəmələr onu korrupsiya ittihamlarının müxtəlif maddələri üzrə günahkar bilib.