Tanınmış Güney Azərbaycanlı kinorejissor Cəfər Pənahi bu il İranda yenidən məhkum edilib. Tehran məhkəməsi onun haqqında “sistemə qarşı təbliğat fəaliyyəti” ittihamı ilə bir il həbs və iki il ölkədən kənara çıxma qadağası hökmünü verib.
Bakupost.az xəbər verir ki, rus kinoşünası Anton Dolinin azərbaycanlı rejissor haqqında daha bir kitab yazıb. “Cəfər Pənahi. Azad kino, azad olmayan İran” adlı kitab yeni buraxılışda nəşr olunub. Bu kitabda 2024 dən sonrakı dövr, o cümlədən Pənahinin ölkədən çıxarılması və ardıcıl beynəlxalq uğurları əks olunub. İlk nəşr Rusiyada müəllifin xarici agent statusu səbəbindən məhdudlaşdırılsa da, son nüsxəsinə qədər satılıb.
Kinoşünas kitabda Pənahi ilə İrəvandakı “Qızıl Albalı” film festivalında Anton Dolinin moderatorluğu ilə keçirilmiş ilə söhbətindən də bəhs edib. Müsahibədə rejissor öz yaradıcılığı, azad kino ideyaları və məhdudiyyətlər altında işləmək təcrübəsindən danışıb.
Kitab və müsahibə Pənahinin sərt reallıqlara baxmayaraq yaratdığı filmlər vasitəsilə azad ifadə və sənət uğrunda mübarizəsini ortaya qoyur.
Pənahi bu ilin Kann Film Festivalının ən yüksək mükafatı – “Qızıl Palma”nı (“Palme d’Or”) qazanıb. Onun “Sadə təsadüf” filmi festivalın əsas müsabiqəsində qalib olub və beynəlxalq tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. Filmin süjeti keçmiş siyasi məhbuslardan bəhs edir və rejissorun öz həyatı və təcrübəsi ilə güclü şəkildə bağlıdır.
Pənahi bu film ilə ABŞ da keçirilən “Gotham” mükafatlarında üç – ən yaxşı rejissor, ən yaxşı orijinal ssenari və ən yaxşı beynəlxalq film nominasiyasında da qalib olub. “Sadə təsadüf” bu nailiyyətləri ilə “Oskar” almaq üçün çox güclü namizəd sayılır.
Bu böyük uğurlar və eyni zamanda İran hakimiyyətinin sərt cavabı rejissorun vəziyyətini paradoksal müstəviyə qoyur: dövlət onu cəzalandırarkən dünya onu kino sənətinin zirvəsinə qaldırır. Pənahi daha əvvəl də tez tez həbs olunub, filmləri qadağan edilib. Rejissor bütün məhdudiyyətlərə baxmayaraq yaradıcılığını davam etdirib.
Cavid, BakuPost