Ru
13:07 / 20 Dekabr 2025

Nüsrət Kəsəmənlinin 80 illik yubileyi qeyd olundu - FOTO+VİDEO

Nüsrət Kəsəmənlinin 80 illik yubileyi qeyd olundu - FOTO+VİDEO
Eye

Ağstafa rayonunda görkəmli şair, publisist Nüsrət Kəsəmənlinin anadan olmasının 80 illiyi münasibətilə təntənəli yubiley tədbiri keçirilib.

Bakupost.az xəbər verir ki, Ağstafa Rayon Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə rayon rəhbərliyi, ziyalılar, şairin ailə üzvləri, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bildirib ki, ziyalılar hər zaman millətin gücü, milli-mənəvi dəyərlərin daşıyıcıları olublar. Onun sözlərinə görə, sənət adamlarına, yaradıcı insanlara göstərilən diqqət və qayğı Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlət siyasətidir və bu xətt bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.
İcra başçısı vurğulayıb ki, Nüsrət Kəsəmənli Ağstafada doğulmuş, Azərbaycan poeziyasına özünəməxsus üslub, yeni poetik nəfəs gətirmiş sənətkarlardandır:

“Azərbaycan Nüsrət Kəsəmənli kimi söz adamları ilə fəxr edir, ağstafalılar isə onunla daha çox qürur duyur. O dünyasını dəyişəndə mən ali məktəbin IV kursunda oxuyurdum. Heç ağlıma gəlməzdi ki, onun 80 illik yubileyində bu rayona rəhbərlik edən şəxs kimi çıxış edəcəyəm. Bu, mənim üçün həm qürur, həm də böyük məsuliyyətdir.”

Akademik Nizami Cəfərov çıxışında qeyd edib ki, Nüsrət Kəsəmənli gənc yaşında poeziyada bir qəhrəman kimi parlayaraq Azərbaycan şeirinə öz möhürünü vurub. Onun sözlərinə görə, şairin yaradıcılığında mistika, daxili enerji və nadir səmimiyyət var idi:
“Onun şeirlərini təkcə sevmirdilər, onlara sanki ibadət edirdilər. Gənclər onun şeirləri ilə sevirdi. O şeirlərdə həm məhəbbət, həm mərdlik, həm də kişi ləyaqəti vardı. Məhəbbətdə də kişiyanalıq lazımdır”.

N.Cəfərov daha sonra onun şeirlərindən nümunələr gətirməklə fikrini möhkəmləndirməyə çalışıb:

“Yaş fərqimiz olsa da, aramızda dostluq münasibətləri vardı. Nüsrətin həyatını da, yaradıcılığını da yaxından izləmişəm. O dövrdə üç dost - Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu ədəbiyyatın parlaq adamları idilər. Gənclər onları sevirdi, izləyirdi”.

Nizami Cəfərov bildirib ki, Nüsrət Kəsəmənlinin Azərbaycan ədəbiyyatındakı özünəməxsus yeri bu gün də qorunub saxlanılır və zaman keçdikcə daha aydın görünür.

Xalq şairi Sabir Rüstəmxanlı çıxışında bildirib ki, Nüsrət Kəsəmənli daha çox sevgi şairi kimi tanınsa da, yaradıcılığı təkcə lirika ilə məhdudlaşmır. Onun ictimai və siyasi məzmunlu şeirləri, publisistik yazıları, televiziya çıxışlarında qaldırdığı milli məsələlər bunu açıq şəkildə sübut edir.
Sabir Rüstəmxanlı vurğulayıb ki, ölkədə Meydan hərəkatı başlayanda Nüsrət Kəsəmənli hadisələri kənardan izləyənlərdən olmayıb:

“O, prosesləri balkonlardan seyr etmirdi. Əvvəldən axıra qədər meydanın içində, xalqın yanında idi, sözünü də, mövqeyini də gizlətmirdi.”

Xalq şairi daha sonra Nüsrət Kəsəmənli ilə bağlı xatirələrini bölüşərək birgə yaşadıqları çətin və macəralı günlərdən danışıb.
Sabir Rüstəmxanlı Nüsrət Kəsəmənlinin ağır avtomobil qəzasından möcüzəvi şəkildə xilas olması ilə bağlı yaşadığı hadisəni də xatırladıb və bildirib ki, onun həyatı da şeirləri kimi taleli, sarsıdıcı və təsirli olub:

“Nüsrətin onlarla belə tale şeiri vardı. O şeirlər oxucu auditoriyalarını dalğalandırır, poeziyanın cəmiyyətin mənəvi həyatına yolunu genişləndirirdi. Bu gün onun şeirləri öz gücünü qoruyur”.

Şairin həyat yoldaşı Rəhilə Kəsəmənli çıxışında duyğulu fikirlər səsləndirib:

“Kaş yenə gec gələrdi… Mən onu saatlarla pəncərədə gözləyərdim. Amma gələrdi. Yaşayardı. Ailəsinin başında olardı…”

Şair Barat Vüsal çıxışında Nüsrət Kəsəmənlini poeziyamızın ağsaqqallarından biri adlandıraraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin “ədəbiyyat milli təhlükəsizlik qədər vacib sahədir” fikri bu gün də aktuallığını qoruyur. Onun sözlərinə görə, böyük şairlər milləti böyüdür və Nüsrət Kəsəmənli poeziyada daim yeni kəşflərə imza atıb.
Gənclik dostu, Xalq artisti Tariyel Qasımov Nüsrət Kəsəmənli ilə bağlı xatirələrini danışıb: “Bir dəfə şeirlərimi götürüb getdim yanına, dedim, bax rəyini bildir, bəyənsən, çap etdirək. O isə dəftəri alıb baxmadan tulladı ki, bizim zonada şair doludu, bir dənə aktyorumuz var, sən də şair olmaq istəyirsən. Lazım deyil!”
Tədbirin bədii hissəsində Bakı Bələdiyyə Teatrının aktyorları Nüsrət Kəsəmənlinin sevilən şeirlərini səsləndiriblər. Eyni zamanda şairin şeirlərinə bəstələnmiş mahnılar canlı ifa olunub və tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Şairin oğlu, Bakı Bələdiyyə Teatrının aktyoru Rəşad Kəsəmənli atasının bir neçə şeirini səsləndirib, onunla bağlı xatirələrini bölüşüb. O, çıxışında yubiley tədbirinin yüksək səviyyədə təşkilinə və bu məsələyə xüsusi diqqət göstərdiyinə görə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısına, tədbirdə iştirak edən qonaqlara və xüsusilə atasının dostlarına – Sabir Rüstəmxanlıya, Tariyel Qasımova, Nizami Cəfərova minnətdarlığını bildirib: “Kaş mən də övladlarıma sizin kimi dostlar qoyub gedərdim”.

Yaddaqalan bədii çıxışlar, canlı ifalar və səmimi xatirələrlə zəngin yubiley tədbiri iştirakçıların alqışları ilə yekunlaşıb.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar