İranda davam edən kütləvi etirazlarla əlaqədar rejimin tətbiq etdiyi genişmiqyaslı internet məhdudiyyətləri “Starlink” peyk internetini yenidən gündəmə gətirib.
Bakupost.az BBC-yə istinadən xəıbər verir ki, internetin demək olar ki, tam kəsildiyi şəraitdə bəzi fəallar və tibb işçiləri “Starlink” vasitəsilə xarici media ilə əlaqə qura biliblər.
İran hakimiyyəti etirazların koordinasiyasını və məlumatların ölkə xaricinə ötürülməsini əngəlləmək məqsədilə mobil və sabit interneti mərhələli şəkildə bloklayır. Buna baxmayaraq, peyk əsaslı internet xidməti olan “Starlink” bu məhdudiyyətlərin tam təsirli olmasının qarşısını alır.
“Starlink” rəsmi olaraq İranda fəaliyyət göstərməsə də, ölkəyə gizli yolla on minlərlə avadanlıq gətirilib və aktiv istifadə olunur. BBC-yə danışan mənbələr bildiriblər ki, məhz bu texnologiya sayəsində İran daxilindən real vaxtda görüntü və məlumatların yayılması mümkün olur.
“Starlink”i təhlükəsizlik təhdidi kimi qiymətləndirən rejim bundan istifadəni cinayət hesab edir. Sərhəddə xeyli Peyk avadanlıqlarının müsadirə edildiyi bildirilir. Eyni zamanda, hakimiyyət peyk siqnallarının texniki yollarla pozulmasına çalışır.
“Starlink” İran rejiminin uzun illərdir tətbiq etdiyi informasiya nəzarətini zəiflədən əsas vasitələrdən birinə çevrilib. Ekspertlərin fikrincə, peyk internetinin yayılması Tehran üçün yalnız texnoloji deyil, həm də siyasi problem yaradır.
Hazırda İran hakimiyyəti internetə nəzarəti bərpa etməyə çalışsa da, “Starlink” etirazların informasiya müstəvisində boğulmasının qarşısını alan əsas alətlərdən biri kimi qalır.
Cavid, BakuPost