Ru
17:20 / 20 Noyabr 2019

İranda son vəziyyət nədir?

14677
İranda internetin kəsilməsinə görə etirazların son vəziyyəti barədə ətraflı müfəssəl məlumat əldə etmək mümkün olmasa da, ölkə daxilindən əldə edilən son məlumatlara əsasən, insanlar nümayişlərə davam edir.

BakuPost GünAz TV-yə istinadən xəbər verir ki, bütün bölgələri təhlükəsizlik qüvvələri nəzarətə götürsələr də, hələ də etirazlar davam edir və ara sıra qarşıdurmalar yaşanır.
Hökumətin informasiya blokadasına baxmayaraq, ötən gün axşam saatları ərzində Tehranın İslamşəhr, Robat Kərim və Naziabad rayonlarında, eləcə də Şiraz şəhəri və Xuzistan əyalətində keçirilmiş aksiyalardan məhdud sayda görüntülər sosial şəbəkələrdə yayılıb.


Şirazdan yayılan məlumatlara əsasən, Məaliabad bölgəsində etirazların davam etdiyi və təhlükəsizlik qüvvələrinin insanlara atəş açdığı deyilir. Yerli sakinlərdən biri bildirir ki, əhali bankları, maşınları və digər şəxsi və dövlət mülklərini yandırmır, əksinə bunu təhlükəsizlik qüvvələri özü edib, təqsirin xalqın boynuna yıxırlar. Ötən gün axşam şəhərin bir neçə bölgəsində nümayişlərin keçirildiyi və polislərin xalqı atəşə tutduğu deyilir.

Videolarda etirazların öz gücü ilə davam etdiyi, ara-sıra təhlükəsizlik qüvvələrinin insanlara qarşı açdığı atəşin səsləri eşidilir.

Mazandaran, Sənəndəc və Güney Azərbaycanın Zəncan şəhərində gələn xəbərlərdə etirazların davam etdiyi, məktəblərin bağlandığı, təhlükəsizlik qüvvələrinin bütün məhəllələri nəzarətə götürdüyü və onlarla şəxsin həbs olunduğu deyilir.

Kirmanşahdan yayılan xəbərlərdə etirazçıların bir neçə bankı yandırdığı, şəhərdə mülki geyimli şəxslər və təhlükəsizlik qüvvələrinin yerləşdirildiyi bildirilir.

Güney Azərbaycanın Urmiya şəhərindən əldə edilən məlumatlara görə, hərbçilər, təhlükəsizlik qüvvələri və polislər şəhəri əhatəyə alıb, nəfərbərlər (Zirehli transportyor-red.) və hərbi maşınlarla dövrə vururlar. Onlar insanları qorxutmaq üçün hətta bəzi hallarda boş yerə hava güllə açırlar.

İlam əyalətindən gələn xəbərlərdə etirazçıların ötən axşam "İslami Təbliğat Təşkilatı”nın bölgədə yerləşən idarəsinin önündə Əli Xamneyinin şəkili olan plakata od vurduğu, nəticədə idarənin binasının da yandığı qeyd edilir.

Xuzistan əyalətində də ötən gecə ağır qarşıdurmalar yaşanıb. Bu günə qədər ən çox ölüm halı qeydə alınan əyalətin ötən gecə Mahşəhr bölgəsində keçirilmiş nümayişlər zamanı 8 nəfərin öldürüldüyü deyilir.

Digər şəhərlərdən əldə edilən xəbərlərdə də etirazların davam etdiyi, təhlükəsizlik qüvvələrinin xalqa qarşı şiddət göstərdiyi və dövlət mülklərini yandırdığı bildirilir.

Qeyd etmək lazımdır ki, qeyri-rəsmi məlumatlara əsasən, bu günə qədər 106 nəfər təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində ölüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər