Bu və ya digər səbəbdən İranda nə zaman kütləvi etiraz aksiyaları keçirilirsə ölkənin sonuncu şahı Məhəmməd Reza Pəhləvinin oğlu Reza Pəhləvi qəfildən peyda olub elan edir ki, “müqəddəs” taxtı-taca qayıtmağa hazırdır. Atasının Təbrizdə 1946-cı ildə milli hökumətin süqutundan sonra tökdüyü nahaq qanların unudulduğunu düşünən bu kukla müxalif "lider"in hakimiyyət iştahı korşalmaq bilmir. Bunun üçün O, ən alçaldıcı şərtlərə belə hazır olduğunu gizlətmir. R.Pəhləvi cəmi 27 gün öncə növbəti dəfə sosial media hesabında Azərbaycan Milli Hökumətin süqutu gününü "Azərbaycanın qurtuluş günü" kimi təqdim edərək bir daha pəhləvilərin "layiqli" davamçısı olduğunu nümayiş etdirib.
Cənubi Azərbaycan Milli Hökuməti 12 dekabr 1946-cı ildə süquta uğradıldıqdan sonra şahın ordusu minlərlə soydaşımızı qətlə yetirib, on minlərlə insanı həbs və sürgün etdirib, həmçinin, xeyli sayda soydaşımız mühacirətə getməyə məcbur olub. Milli Hökumətin bir illik fəaliyyətinin izlərini xüsusi nifrətlə silməyə çalışan Pəhləvi rejimi Azərbaycan türkcəsində açılan məktəbləri, mədəniyyət mərkəzlərini bağlayıb, ana dildə nəşr olunan dərslikləri və digər kitabları yandırıb, milli fəalları ağır repressiyaya məruz qoyub. Pəhləvi rejiminin bütün davamçıları hələ də Milli Hökumətin süqutu gününü "Azərbaycanın qurtuluş günü" kimi qeyd edirlər. Belə bir panfarsist düşüncəli şəxsin xarici dəstəklə yenidən İran hakimiyyətinə qayıdışı türklər üçün yalnız bədbəxtlik və hüquqsuzluğun daha da dərinləşməsini vəd edə bilər.

D.Tramp iki gün öncə bildirib ki, Reza Pəhləvini izləyib və onun yaxşı insan təsiri bağışladığını düşünür, lakin hazırkı mərhələdə prezident kimi onunla görüşməyin uyğun olub-olmadığına əmin deyil. Bu çıxışın sadə dilə tərcüməsi budur ki, biz R.Pəhləvi kimi marionetin İranda hakimiyyəti ələ almasını istəyirik, sadəcə xalqın buna razı olub-olmadığını bilmirik. Ona görə də pəhləvilərə xalqın reaksiyası çox mənfi olsa ayrı bir şəxsin namizədliyi üzərində dayanmalı olacağıq.
ABŞ kəşfiyyatı yaxşı bilir ki, R.Pəhləvinin İran cəmiyyətindəki sosial bazası zəifdir və xüsusi ilə ölkə türklərinin kütləvi etiraz aksiyalarında iştirakının təşviqi baxımından onun təsir imkanları çox məhduddur. Bu baxımdan R.Pəhləvinin İran əhalisini meydanları doldurmağa, şəhərlərin mərkəzini və inzibati binalarını zəpt etməyə çağıran çıxışları ən yaxşı halda sosial və siyasi hüquqlar uğrunda etiraz aksiyalarına çıxan müxtəlif etnik və ictimai zümrədən olan insanların enerjisinin nəticəsini mənimsəmək cəhdidir. Hazırki mitinq və ixtişaşların məqsədinin monarxiyanın bərpası olması inandırıcı deyil. Müxtəlif təhlilçilərin hesablamasına görə bu düşüncədə olanlar İran əhalisinin ¼-dən çoxunu təşkil etmir. Bu cəhətdən ABŞ və İsrailin masası üzərində müxtəlif varinatlar var. Bu ssenariləri müzakirə etməyə keçmədən İran kimi müxtəlif millət, eyni zamanda fərqli din və məzhəbə mənsub insanlardan ibarət toplumun parçalanmasından sonra yarana biləcək dəhşətli xaosun bütövlükdə regionu idarəolunmaz vəziyyətə gətirib çıxara biləcəyindən qlobal güclərin ciddi ehtiyat etdiyini unutmamalıyıq.

Birincisi, panfarsist Pəhləvi sülaləsinin yenidən hakimiyyətə gətirilməsi. İkincisi, etirazçı kütlənin və müxalif elitanın indiki İran iqtidarını əvəzləmək üçün daha böyük sosial və siyasi zümrənin rəğbətini toplaya biləcək şəxsin ətrafında birləşdirilməsi. Üçüncüsü, İranın etnik mənşəli federal subyektlərə bölünməsi. Dördüncüsü, İranın tamamilə parçalanaraq bir neçə dövlətə ayrılması.
Sonuncu ehtimal Yaxın Şərqdə böyük Kürdüstan layihəsinin müəllifləri üçün cəzbedici və məqsədəuyğun olsa da Türkiyə və bütövlükdə türk dünyası üçün böyük təhlükələr yaradır. Maraqlıdır ki, İrandakı hazırki böhran vəziyyətində xüsusi fəallığı ilə seçilən əsas etnik zümrə kürdlərdir. Ən fəal silahlı qrup yenə PEJAK və ona bağlı terror qruplarıdır. Ölkə xaricindən İranla bağlı ən çox siyasi çağırış edənlər kürd təşkilatları və şaha bağlı qruplardır. Hazırki kütləvi etiraz aksiyalarının kürtlərin, luralın və farsların kompakt yaşadığı şəhərlərdə daha mütəşəkkil xarakter daşıması da diqqətdən yayınmır. Makudan Luristana qədər ərazini Kürdüstan elan edən silahlı və mülki kürd qruplarının yaydıqları xəritələr Qərbi Azərbaycan vilayətini də bu çərçivənin içərisində göstərir. Əgər ölkənin parçalanması və İran Kürdüstanın yaranması reallaşarsa bu, türk dünyasını fiziki cəhətdən ayırmağa xidmət edən bədnam Ermənistan dövlətinin yaradılması vaqeəsinin daha böyük miqyasda təkrarlanması demək olacaq.
İranda hazırki teokratik hakimiyyətinin qurulduğu 1979-cu ilədək XX əsrdə Güney Azərbaycan üç mühüm və təlatümlü milli hərakata şahidlik edib: Məşrutə hərəkatı (1905-1911), Şeyx Məhəmməd Xiyabani qiyamı (1920) və Azərbaycan Milli Hökuməti (1945-1946). Sadalananların hər biri İran tarixində mühüm yerə malikdir və təəssüf ki, bu inqilabi siyasi proseslərin hamısı müxtəlif geosiyasi və digər səbəblərdən məğlubiyyətlə başa çatıb.
11 fevral 1979-cu ildə Məhəmmədrza Pəhləvinin devrilməsi ilə başa çatan inqilab da təəssüflər olsun ki, azərbaycanlıların milli və siyasi hüquqlarının bərpası və onların İranın idarəçilik sükanı arxasına qayıdışı ilə nəticələnmədi. Bir çox tədqiqatçılar iki minə qədər türkün qətlə yetirildiyi 1978-ci ilin 18-19 fevralında Təbrizdə baş verən üsyanı ("29 bəhmən üsyanı") İran İslam İnqilabının başlanğıcı hesab etsələr də yekun nəticədə bundan bəhrələnən yalnız klerikal quruluşun bərqərar olması ilə hakimiyyəti əlində saxlayan fars düşüncə sistemi oldu. İran türklərinin bu mərhələdə ən sonuncu dirənişi Ayətullah Şəriətmədarinin sosial və siyasi cəhətdən tamamilə təcrid olunması və bütün resurslardan məhrum edilməsi ilə başa çatdı.
1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsindən sonra Güney Azərbaycanda da milli şüurun yüksəlişində yeni mərhələ başladı. İranda 1996-cı il parlament seçkisindən sonra türklərin milli və siyasi hüquqlar uğrunda mübarizəsi nisbətən açıq formaya keçdi.
Siyasi cəhətdən fəal olan İran cəmiyyətində son 30 ilə yaxın müddətdə rəsmi Tehranın siyasətinə etiraz olaraq xeyli sayda davamlı mitinqlər keçirilib. 2009-cu il prezident seçkiləri zamanı və ondan sonra “Yaşıl hərakatın” İranı bürüyən etiraz aksiyaları, 2017-ci ilin 28 dekabrında başlayan və xeyli müddət davam edən mitinqləri, 2022-ci ilin aylarla davam edən nümayişləri və s. buna misal göstərmək olar. Bu aksiyalar zamanı yüzlərlə aksiyaçı öldürülüb. Müşahidələr göstərir ki, indiki etiraz aksiyaları miqyas etibarı ilə 2022-ci ildəki mitinqlərdən geri qalır. Lakin hazırki aksiyalar dövlət orqanlarının nümayəndələrinə silahlı müqavimətin göstərilməsi və onların öldürülməsi ilə indiyəqədərkilərdən fərqlənir.
Hazırda davam edən və ixtişaşa çevrilən mitinqçilərdən qətlə yetirilənlərin sayının 500-ü ötdüyü bildirilir. Bir neçə gündür İranda internetin verilməsi dayandırıldığından, informasiya əldə edilməsi məhdudlaşdırıldığından bu rəqəmin qat-qat çox ola biləcəyi istisna edilmir. Müxtəlif mənbələr 100-dən çox təhlükəsizlik xidməti əməkdaşının və minlərlə etirazçının qətlə yetirildiyini iddia edir.
İranda son onilliklərdə baş verən etiraz aksiyalarının xronologiyası göstərir ki, bir çox siyasi şərhçilərin iddialarının əksinə olaraq davamlı mitinqlər keçirilən kimi teokratik sistemin devriləcəyini gözləmək sadəlövhlükdür. Çünki saxta “qayıdıram” anonslarına, “mollalar qaçır”, “iqtidar devrilir”, “rejim çox zəifdir” və s. tezislərin havada uçmasına rəğmən xomeyniçilər artıq 47 ilə yaxındır ki, məzhəbçi ümmətçilik ideologiyası və sərt gücdən istifadə etməklə hakimiyyətlərini qorumaqda davam edirlər. İslam inqilabından sonra yaradılan müxtəlif institutlarda və hüquq-mühafizə orqanlarında çalışan, iqtisadi cəhətdən təminatlı olan və hakimiyyətə sadiq yüzminlərlə insan var. Hazırki idarəçilik sistemi dini-ideoloji xarakter daşımaqla yanaşı həm də ötən 47 il ərzində dərin institutlaşmaya nail olub. Misal üçün, SEPAH təhlükəsizlik qurumlarından xidmət sektoruna, iqtisadi resurslar üzərinə hakimlikdən dini institutlara, holdinqlərə və fondlara qədər böyük imkanlara sahib olmaqla dövlət içində dövlətdir.
Təcrübə göstərir ki, İran iqtidarı bir çox hallarda prosesin əvvəlində loyallıq nümayiş etdirərək aksiyaların böyüməsinə şərait yaradır, sonra isə etirazçılara divan tutur. Bu cəhətdən hazırkı etiraz dalğasının da silah tətbiqinin genişləndirilməsi ilə yatırılacağı şübhə doğurmur. Ancaq təbii ki, bu, cəmiyyətin əksər təbəqələrinə hakim kəsilən etirazçı dəyişiklik tələbini birdəfəlik neytrallaşdırmaq üçün yetərli sayıla bilməz. Dəyişiklik tələbinin kütləvi ixtişaşlar və küçə qarşıdurmaları səviyyəsinə yüksəlməsi, etiraz aksiyalarının silah gücünə yatırılması və iqtisadi böhran təbii ki, dövləti zəiflədir və mərhələli transformasiyanı qaçılmaz edir.
Türkiyə, Azərbaycan və İran türklərinin milli maraqları inqilabi dəyişiklik olacağı təqdirdə əsasən iki variantdan birinin reallaşdırılmasını ehtiva edir: Birincisi, İranın xilas düsturu və ya türk transformasiyasıdır. Bu halda İranın ərazi bütövlüyü qorunaraq türklərin 1925-ci ildə dövlətin idarəçiliyində itirdiyi mövqeləri bərpa olunur. Türklərin İran idarəçiliyindəki min ildən artıq müddətdə bütün etnosların maraqlarının qorunmasını təmin etməklə bərqərar olan sabit rolunu inkar etmək mümkün deyil. Hazırki prezident Məsud Pezeşkian indiki siyasi sistemin yetirməsi olsa da polietnik İran cəmiyyətində çoxluğun qəbul etdiyi lider kimi önə çıxır.
İkincisi, Güney Azərbaycan muxtariyyat qazanır və azərbaycanlılar milli hüquqlarını məhdud ərazi çərçivəsində bərpa edirlər. Bu iki variant gerçəkləşmədiyi təqdirdə gündəlikdə türk dünyasının siyasi cəhətdən bütövləşməsi üçün Güney Azərbaycanın beynəlxalq birliyin ya ayrı subyektinə, ya da suveren Azərbaycan Respublikasının tərkib hissəsinə çevrilməsi dayanmalıdır.
İranda hazırda yaşanan böhranın kökündə iqtisadi çətinliklərin son dərəcə artması, sosial və siyasi problemlər, milli hüquqların məhdudlaşdırılması, repressiv rejimin mövcudluğu və s.dayanır. Uzun illərdir ölkənin gəlirlərinin mühüm hissəsini rəsmi Tehranın müxtəlif dövlətlərdə (İraq, Suriya, Yəmən, Livan və s.) birbaşa himayə etdiyi proksi qüvvələrin hərtərəfli təminatına sərf etməsi sanksiyalar səbəbindən sosial durumu çətinləşən vətəndaşların sosial güzəranını daha da dözülməz edib. Bu amillərlə yanaşı nəsil dəyişikliyinin baş verməsi, gənclərin qlobal çağırışlara verdiyi reaksiyalar da teokratik sistemin ideoloji dayaqlarının aşınmasına səbəb olub.
Birmənalı şəkildə demək olar ki, İran cəmiyyətinin böyük hissəsi dəyişiklik istəyir. İranda marağı olan qlobal güclər isə bu vəziyyətdən öz məqsədləri üçün faydalanmağa çalışırlar. Bəlli xarici gücləri təbii ki, İran vətəndaşı olan hansısa türkün, lurun, farsın, bəlucun, kürdün və ya ərəbin pozulmuş hüquqlarının bərpası yox, zəngin təbii resurslara, xüsusi ilə karbohidrogen ehtiyatlara malik dövlətin sükanını ələ keçirmək maraqlandırır. Bu əsnada demokratiya vədləri isə xeyli ironik təsir bağışlayır. Çünki əgər həqiqətən də ABŞ-ın diktaturanı demokratiyaya çevirən iksiri varsa nəyə görə indiyədək onu Səddamın devrilməsindən sonra bir milyona yaxın şəxsin qətlə yetirildiyi İraqda, yüz minlərlə insanın öldürüldüyü Suriyada, eləcə də Liviya və Əfqanıstanda tətbiq etməyib?!
Qarşıda gözlənilən dəyişiklik mərhələsində İranda həlledici faktor olan türk etnosunun maraqlarının növbəti dəfə tapdanmasına izn verməyi tarix nə güneydəki soydaşlarımıza, nə də Türkiyə və Azərbaycana bağışlamaz. İstənilən yeni siyasi konfiqurasiya zamanı İran türklərinin milli hüquqlarının ana komponentlərinin rəsmi şəkildə tanınmasının vacibliyi qırmızı xətt olmalıdır.
Müqəddəs kitabı Quran olan islam dininin adının ifadə olunduğu 1979-cu il İran inqilabından sonra qurulan klerikal mahiyyətli iqtidarın 1925-ci ildən etibarən Turanın yolunun kəsilməsini davam etdirməklə, uranı zənginləşdirməklə qarşısına qoyduğu hədəflərə doğru yürüməsində hazırda son dərəcə ciddi əngəllər yaranıb. Ötənilki 12 günlük müharibənin, uzunmüddətli geosiyasi təzyiqlərin və əhalinin yarısından çoxunu təşkil edən türklərin (eləcə də etnik qrupların) milli hüquqlardan əsasən məhrum edilməsinin nəticələri İranı qaçılmaz dəyişikliklərlə üz-üzə qoyub. Mövcud siyasi mənzərə göstərir ki, İran hakimiyyəti ya “cinin şüşədən çıxdığı” indiki halda etirazları silah gücünə yatırsa da, qarşıdakı dövrdə ölkənin ABŞ idarəçiliyinə - kukla liderə təhvil verilməsi ilə barışmalı, ya da rasional seçim edib dövlətin ənənəvi milli və siyasi idarəçiliyə qayıtmasına mane olmamalıdır. Bu dördlü sıralamada (İran, Quran, Turan və Uran) İranı insanlara müqəddəs dinimizin tələblərinə öz könülləri ilə, sərbəst əməl etmək, inanclı və ya sekulyar əsaslı yaşamaq hüququ vermək, Turanın yolunda əngəl olmaqdan çəkilmək və ölkəni türk mərkəzli düşüncənin idarə etdiyi qüdrətli dövlətə çevirmək xilas edə bilər.

Elməddin Behbud,
“Demokratik Azərbaycan Naminə” İctimai Birliyin (DANİB) sədri