Ru
16:27 / 06 May 2026

İrəvan bizə ərik, konyak, mineral su ixrac edə bilər – Bəs Bakı nə edəcək?

İrəvan bizə ərik, konyak, mineral su ixrac edə bilər – Bəs Bakı nə edəcək?
Eye

Ermənistan və Azərbaycan sərhəd delimitasiya komissiyalarının aprelin 29-da İrəvanda keçirilən iclasında Azərbaycanın köməyi ilə Ermənistan məhsullarının Rusiyaya tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması üçün mümkün mexanizmlər müzakirə olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın müxalif "Hraparak" nəşri məlumat yayıb.

Qəzet yazır ki, baş nazir Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında danışıq mövzularından biri də Ermənistan məhsullarının Azərbaycan bazarında satılması imkanı olub. Nəşr iddia edir ki, bunun müqabilində Azərbaycan tərəfi siyasi güzəştlər gözləyə bilər.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bakupost.az-a bildirib ki, Ermənistanın Azərbaycan bazarına çıxara biləcəyi məhsullar yalnız kənd təsərrüfatı və yüngül sənaye malları ola bilər:

““Hraparak” müxalif nəşrdir və Paşinyanı tənqid üçün belə xəbərlər yayır. Digər tərəfdən, rəsmi Bakı və İrəvan bu məlumatı təsdiqləməyib. Amma ümumi götürdükdə deyə bilərik ki, Ermənistanın Azərbaycan bazarına çıxara biləcəyi məhsullar ancaq kənd təsərrüfatı və yüngül sənaye mallarından ibarətdir. Məhz bu malların Azərbaycan bazarında satılması texniki baxımdan mümkündür.

Azərbaycan Gürcüstan, Moldova, Türkiyə, İtaliyadan ərik, şərab, konyak, mineral su idxal edir. Bu mənada Ermənistanın anoloji məhsulları da qiymət və keyfiyyət baxımından onlarla rəqabət apara bilər. Xüsusilə ərik, konyak, mineral su seqmentində Ermənistan müəyyən dərəcədə Azərbaycan bazarında da yer ala bilər”.

Amma ekspert siyasi həssaslıq səbəbindən erməni məhsullarının Azərbaycanda praktik baxımından satışını mümkünsüz hesab edir:

“30 illik münaqişə fonunda əhalinin erməni malına münasibəti bəllidir. Etiket problemi, mənşə ölkə yazılması, boykot riski var. Ona görə hətta razılıq olsa da, erməni məhsullarının Azərbaycan bazarında praktikada satışı çətin olacaq”.

Digər tərəfdən, Nəsirli düşünür ki, iqtisadi əməkdaşlıq kartının işə salınması ilə Ermənistan Qarabağdan könüllü köçmüş ermənilərin status tələbini də gündəmdən çıxara bilər:

“Qısası, texniki baxımdan Ermənistan ölkəmizə konyak, şərab, ərik, mineral su, konserv, tekstil sata bilər. Siyasi baxımdan isə ehtimal olunan həmin vəziyyətdə Azərbaycan dəhliz, delimitasiya, iddialardan imtina kimi məsələlərdə irəliləyiş gözləyə bilər”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar