Ru
16:45 / 21 Oktyabr 2026

İrəvan Moskvanın nə yanında dura bilir, nə də qarşısında: Miqrant böhranı, 69% qaz bahalaşması

İrəvan Moskvanın nə yanında dura bilir, nə də qarşısında: Miqrant böhranı, 69% qaz bahalaşması
Eye

Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması ölkənin enerji xərclərinin kəskin artmasına və xaricdə çalışan vətəndaşlarının yeni məhdudiyyətlərlə üzləşməsinə səbəb ola bilər.

"Bakupost" xəbər verir ki, bu məlumatlar Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın Avrasiya Hökumətlərarası Şurasındakı nümayəndələrinin hazırladığı hesabatda qeyd edilib.

Sənədə əsasən, Ermənistanın Aİİ-dən çıxması ilə ölkəyə idxal edilən təbii qazın illik dəyəri 69 faiz artaraq 389 milyon dollardan 657,5 milyon dollara yüksələ bilər. Bu isə ildə əlavə 268,5 milyon dollar xərc deməkdir.

Hesablamalar qazın hər min kubmetrinin qiymətinin hazırkı 177,5 dollardan 300 dollara yüksəlməsi və tədarük həcminin dəyişməməsi ehtimalına əsaslanır.

Hesabatda həmçinin Ermənistanın Aİİ üzvlüyünün dayandırılmasının əmək miqrasiyasına mümkün təsirləri də yer alıb.
Belə ki, Ermənistan vətəndaşları ittifaq ölkələrində işləmək üçün mövcud güzəştləri itirə, üçüncü ölkələrin vətəndaşlarına tətbiq olunan qaydalarla iş icazəsi və patent almaq məcburiyyətində qala bilərlər.

Bundan başqa, erməni əmək miqrantlarına münasibətdə işçi qüvvəsi kvotalarının tətbiqi də nəzərdə tutulan mümkün nəticələr arasındadır.

Beləliklə, hesabatda Ermənistanın Aİİ-dən uzaqlaşmasının həm enerji təchizatı, həm də əmək miqrasiyası baxımından ciddi iqtisadi nəticələr doğura biləcəyi vurğulanır.

Bu hesabat nəyə hesablanıb?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakupost”a bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasının mümkün iqtisadi nəticələri ilə bağlı dərc olunan hesabatı həm iqtisadi hesablamalar, həm də siyasi mesaj baxımından qiymətləndirmək lazımdır.

Müsahibimiz hesab edir ki, bu sənədin əsas məqsədi İrəvana Aİİ-dən ayrılmağın iqtisadi risklərini göstərməklə yanaşı, Ermənistan rəhbərliyinə siyasi xəbərdarlıqdır:

“Hesabatı hazırlayan tərəflərin Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın nümayəndələri olması da diqqətəlayiqdir. Bu ölkələr Ermənistanın ittifaqdan çıxmasında maraqlı deyillər və belə bir addımın mənfi nəticələrini ön plana çəkməklə İrəvanın qərarlarına təsir göstərməyə çalışırlar”.

Ermənistanın Aİİ-dən çıxsa belə, gələcəkdə hansı qiymətlərlə qaz alacağı onun Rusiya ilə münasibətlərindən, müqavilələrin şərtləri, alternativ təchizat imkanları və regional enerji siyasətindən asılı olacaq:

“Hesabatda Ermənistanın qaz idxalına çəkdiyi illik xərcin 389 milyon dollardan 657,5 milyon dollara yüksələ biləcəyi, yəni əlavə 268,5 milyon dollar xərc yarana biləcəyi bildirilir. Bu, kifayət qədər ciddi məbləğdir. Lakin burada mühüm məqam var: hesablamalar qazın hər min kubmetrinin qiymətinin 177,5 dollardan 300 dollara yüksələcəyi fərziyyəsinə əsaslanır. Deməli, bu, Aİİ-dən çıxış baş verəcəyi təqdirdə mütləq reallaşacaq nəticə deyil, müəyyən şərtlər daxilində hazırlanmış ssenaridir”.

İqtisadçı deyir ki, Aİİ-dən çıxış Ermənistan üçün təkcə enerji xərcləri ilə bağlı problem yaratmayacaq:

“Bu ittifaqın üzvləri arasında malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin hərəkəti ilə bağlı müəyyən güzəştlər mövcuddur. Ermənistan bu imkanları itirərsə, Rusiya və digər üzv ölkələrdə çalışan vətəndaşlarının işə qəbulunda əlavə inzibati maneələr yarana bilər. İş icazəsi, patent və kvota tələblərinin tətbiqi əmək miqrantlarının vəziyyətini çətinləşdirə, onların gəlirlərinə və Ermənistana göndərdikləri pul köçürmələrinə mənfi təsir göstərə bilər. Bu isə ölkədə istehlaka, ailə büdcələrinə və ümumi iqtisadi fəallığa təsirsiz ötüşməz”.

Müsahibimizin sözlərinə görə, Ermənistanın Aİİ-dən çıxması ixracatçılar üçün də əlavə çətinliklər yaradacaq:

“Rusiya Ermənistanın mühüm ticarət tərəfdaşlarından biridir. Gömrük və ticarət rejimində mümkün dəyişikliklər Ermənistan məhsullarının Rusiya bazarına çıxışını çətinləşdirərsə, yerli istehsalçılar əlavə xərclərlə üzləşə bilərlər. Bununla belə, iqtisadi nəticələrin miqyası çıxışın hansı şərtlərlə həyata keçirilməsindən, ikitərəfli sazişlərin qorunub-qorunmamasından və Ermənistanın alternativ bazarlara nə dərəcədə çıxış əldə etməsindən asılı olacaq”.

A.Nəsirlinin fikrincə, hesabatın siyasi tərəfi də məhz burada üzə çıxır:

“Ermənistan son illərdə Avropa İttifaqı ilə münasibətlərini genişləndirməyə, Qərblə siyasi və iqtisadi əlaqələrini gücləndirməyə çalışır. Belə bir şəraitdə Aİİ-dən çıxışın enerji bahalaşması, əmək miqrasiyası problemləri və ticarət itkiləri ilə nəticələnə biləcəyinin vurğulanması əslində İrəvana təsir göstərmək vasitəsidir. Bu mənada sənəd Ermənistanı Qərbə inteqrasiya kursunun mümkün iqtisadi bədəlləri barədə xəbərdar edir və Rusiyanın rəhbərlik etdiyi iqtisadi məkanın İrəvan üçün əhəmiyyətini xatırladır”.

İqtisadçı düşünür ki, burada iqtisadi təhlillə siyasi təzyiq elementlərinin bir-birindən ayrılması vacibdir:
“Hesabatın məqsədini yalnız Ermənistanı Avropa İttifaqına yaxınlaşmaqdan çəkindirmək kimi qiymətləndirmək də tam düzgün olmazdı. Sənəddə göstərilən risklərin bir hissəsi real iqtisadi əsaslara malikdir. Digər tərəfdən, hesabatı hazırlayan ölkələrin öz iqtisadi və geosiyasi maraqları var. Hesabatın özü onun əsas məqsədinin məhz İrəvanın Avropa seçiminə mane olmaq olduğunu sübut etmir, lakin belə bir siyasi təsir funksiyasının mövcudluğunu istisna etmək də olmaz”.

Müsahibimiz qeyd edir ki, İrəvanın əsas problemi Aİİ ilə Aİ arasında hansı səviyyədə uyğunluq yaratmağın mümkün olacağını müəyyənləşdirməkdir:

“Ermənistanın Avropa İttifaqına yaxınlaşması ilə Aİİ-dən dərhal çıxması eyni şey deyil. Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət əlaqələrinin artırılması və Avropa standartlarının tətbiqi ittifaq üzvlüyünə avtomatik keçid demək deyil. Eyni zamanda, Aİİ-nin mövcud qaydaları ilə Avropa İttifaqının iqtisadi inteqrasiya modeli arasında müəyyən ziddiyyətlər yarana bilər. Ermənistan üçün ən böyük risk Aİİ-dən çıxmağın özündən daha çox, bu prosesi iqtisadi alternativlər hazırlamadan həyata keçirmək olardı”.

Nəsirli bildirir ki, İrəvan qaz təchizatını şaxələndirə, yeni ixrac bazarları tapa, əmək miqrantlarının hüquqlarını qoruyan razılaşmalar əldə edə və xarici investisiyaları artıra bilməsə, keçid ciddi iqtisadi itkilərlə müşayiət olunacaq: “Əksinə, bu istiqamətlərdə qabaqlayıcı tədbirlər görülərsə, mümkün zərbələri qismən yumşaltmaq mümkündür. Bununla belə, alternativlərin yaradılması vaxt və böyük maliyyə resursları tələb edir.

Nəticə etibarilə, hesabat həm Ermənistanın Aİİ-dən ayrılması halında yarana biləcək real iqtisadi riskləri göstərir, həm də İrəvana siyasi mesaj verir: Rusiya ilə iqtisadi əlaqələrin zəifləməsinin müəyyən bədəli olacaq. Lakin bu mesaj Ermənistanın Avropa istiqamətindəki siyasətindən imtina etməsinə mütləq səbəb olmayacaq. İrəvan üçün əsas məsələ geosiyasi seçimlərini iqtisadi imkanları ilə uzlaşdırmaqdır. Rusiya iqtisadi təzyiq və mümkün itkiləri ön plana çıxarmaqla Ermənistanın qərarlarına təsir göstərə bilər, amma bu, ölkənin uzunmüddətli strateji istiqamətini təkbaşına müəyyənləşdirəcəyi anlamına gəlmir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar