Rusiyanın baş nazirinin müavini Aleksandr Novak dünən Prezident Vladimir Putinlə görüşdə dizel yanacağı ixracına tamamilə qadağa qoyulduğunu elan edib.
Ukraynanın zərbələri fonunda yaşanan kəskin yanacaq çatışmamazlığı fonunda Rusiyanın belə bir qərar verəcəyi gözlənilən idi.
Qeyd edək ki, 2026-cı ilin əvvəlindən bu günə qədər Ukrayna Rusiyanın neft emalı zavodlarına azı 194 hava hücumu həyata keçirib.
Novakın bu açıqlaması Ermənistanın enerji təhlükəsizliyinə birbaşa meydan oxumaq deməkdir. Ermənistanın dizel yanacağı üzrə illik 180.000 ton idxalının təxminən 150.000 tonu məhz Rusiyanın payına düşürdü. İndi isə İrəvan bundan da məhrum olur.
Bəs Azərbaycan sözügedən məsələdə yaranan boşluğu doldura bilərmi?
Xatırladaq ki, bu günə qədər Azərbaycan Ermənistana 13.000 tondan çox dizel yanacağı və 4.000 tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac edib.
ReAL Partiyasının sədri Natiq Cəfərli
Bakupost.az-a bildirib ki, Ermənistanın tələbinin tamamını Azərbaycanın qarşılaması o qədər də asan məsələ deyil:
“Azərbaycan bu günə qədər Ermənistana müəyyən həcmdə dizel yanacağı ixrac edib. Amma onun tələbini qarşılamaq elə də asan deyil. Çünki Azərbaycanın özünün də dizel yanacağına müəyyən tələbatı var. Habelə, bu istiqamətdə başqa ölkələrlə də müqavilələr bağlamışıq”.
Müsahibimizin fikrincə, Azərbaycan bu məsələdə Ermənistan üçün sadəcə tranzit yolu olaraq çıxış edə bilər:
“Məsələn, Qazaxıstan və digər ölkələrdən dizel yanacağını Azərbaycan üzərindən Ermənistana çatdırmaq mümkündür. Amma Ermənistanın ehtiyaclarının tamamını Azərbaycanın qarşılaması o qədər də real görünmür”.
Rüfət Sultan,
BakuPost