Ermənistan Xarici İşlər nazirliyi İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq təşəbbüsünə münasibət bildirməyib.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mediaya açıqlamasında vurğulanıb.
“Lazım gələrsə, şərh verəcəyik”, - deyə Ermənistan XİN sözçüsü Ani Badalyan deyib.
Erməni mediası yazır ki, xarici işlər naziri Ararat Mirzoyan və Baş nazir Nikol Paşinyan dəfələrlə bildiriblər ki, “erməni soyqırımı”nın (qondarma - red.) tanınması artıq Ermənistanın xarici siyasətinin prioritetləri arasında deyil.
Başqa sözlə, Ermənistan artıq xarici siyasətində yalançı “erməni soyqırımı” ilə Türkiyə ilə münasibətləri gərginləşdirmək yox, sərhədləri açmaq və iqtisadi-siyasi əlaqələri bərpa etmək, Türkiyəyə ərazi iddialarından tamamilə imtina etmək xəttini yürüdür.
Qeyd edək ki, Türkiyə ilə münasibətlərin pisləşməsi fonunda İsrailin xarici işlər naziri Gideon Saar hökumətin müzakirəsinə “erməni soyqırımı”nı tanıyan qanun layihəsi təqdim etməyə hazırlaşdığını və təsdiqlənəcəyi təqdirdə Knessetə göndəriləcəyini açıqlayıb.
Asena,
BakuPost