Mərdəkanda yerləşən “Malibu” dənizkənarı restoranında təqdim olunan kababla bağlı müştəri narazılığı yaranıb.
“Bakupost” xəbər verir ki, vətəndaş ona verilən quzu lülə kababının iy verdiyini iddia edib. O, həmçinin çek təqdim edilmədiyini və sifariş olunmayan bəzi məhsullar üçün də ödəniş alındığını bildirib.
Məsələ ilə bağlı
“Bakupost”a açıqlama verən restoranın sahibi Bəhruz adlı şəxs isə kababın keyfiyyəti ilə bağlı iradların əsassız olduğunu bildirib.
“Müştəri əvvəlcə ətin növü ilə bağlı sual verdi. Dedik ki, kabab quzu ətindən hazırlanır. Daha sonra o bunun quzu deyil, qoç əti olduğunu söylədi. Biz də izah etdik ki, bunlar eyni heyvandırlar”.
Bəhruz bildirib ki, həmin vaxt restoranda digər müştərilər də kababdan yeyib və hansısa narazılıq olmayıb.
“Bizdə lülə kabab yalnız quzu əti və quyruqdan hazırlanır. Hazırlanma üsuluna görə dad və qoxusu fərqli ola bilər. Əgər iddia edildiyi kimi problem olsaydı, digər müştərilər də bunu hiss edərdi”, - deyə sahibkar bildirib.
Restoran sahibi əlavə edib ki, məsələ ilə bağlı hüquqi qaydada aidiyyəti qurumlara müraciət edib.
Lalə,
BakuPost