Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Tbilisi meri vəzifəsinə üçüncü dəfə Kaxa Kaladzenin namizədliyini irəli sürüb.
Bakupost.az xəbər verir ki, Gürcüstan paytaxtının hazırkı merinin namizədliyi şəhərin Mtatsminda parkında partiyanın təşkil etdiyi rəsmi mərasimdə təqdim olunub.
Tədbirdə Gürcüstanın Baş naziri, “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze, hakim partiyanın təsisçisi və fəxri sədri Bidzina İvanişvili, hökumət və parlament üzvləri, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
K.Kaladze çıxış edərək siyasi komandaya və B.İvanişviliyə ona göstərilən etimada görə təşəkkürünü bildirib. Onun sözlərinə görə, namizədliyinin ardıcıl olaraq üçüncü dəfə irəli sürülməsi böyük məsuliyyətdir.
“Bu, mənim üçün gözəl Tbilisiyə və tbilisililərə xidmət etmək üçün daha bir yaxşı fürsətdir”, - mer əlavə edib.
Xatırladaq ki, 47 yaşlı keçmiş futbolçu və siyasətçi K.Kaladze “Gürcü Arzusu”nun namizədi olaraq Tbilisi meri vəzifəsinə ilk dəfə 2017-ci, ikinci dəfə isə 2021-ci ildə seçilib. O, həmçinin hakim partiyanın Siyasi Şurasının üzvü və Baş katibidir, 2012-2017-ci illərdə Gürcüstanın Baş nazirinin müavini, 2012-2017-ci illərdə energetika naziri olub.
Gürcüstanda yerli seçkilər bu ilin oktyabrın 4-nə təyin edilib. Seçicilər 64 şəhər və rayon üzrə mer və sakrebulolara (məşvərətçi orqanlar) deputatlar seçəcəklər.