“Biz gənc olanda kapitalistlərin istismarçı olduğunu və ya istehsalçıların insanları müstəmləkə etdiyini deyirdilər, amma öyrəndikdən sonra bunun həqiqətin tam əksi olduğunu anladıq”.
Bakupost.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Qəzvin vilayətinə səfəri zamanı bildirib.
“İstehsalçılar rifah və inkişaf yaradırlar. Əgər kiməsə hörmət edəcəyiksə, 10-20-30 min insanı dolandıran, dolanışığını təmin edən və ədalətli maaş verən istehsalçıya hörmət etməliyik”, - o vurğulayıb.
Pezeşkian başqa nə deyəsidir? O, öz zümrəsinin təmsilçisidir. Kapitalistin gəlirinin əsasını nə təşkil edir? İzafi dəyər. İzafi dəyər nədir? Sadə izahı: iş gününün bir hissəsində işçi əmək haqqına (işçi qüvvəsinin dəyərinə) bərabər dəyər yaradır. Daha sonra işçi işləməyə davam edir və ödənilməyən əlavə dəyər yaradır. Bu əlavə dəyər (izafi dəyər) işverən tərəfindən hazır məhsul satıldıqda mənimsənilir. İşci maaş alır, işverən gəlir. Əgər bir işçi bir şey istehsal edirsə və sonra kapital sahibi onu alıb satır və işçiyə gəlirin 10%-ni verirsə, onda işçi tərəfindən yaradılmış dəyərin 90% (izafi dəyər) gəlir kimi işverən tərəfindən mənimsənilən hissədir. Bu istismardı, ya yox? Deyəcəklər, bu sadəcə marksizmdir. Bu halda million-milliard gəlir edən sahibkarın işçisinin 300-500 şərti pul vahidi miqdarında maaş almasının başqa izahını verin.