Azərbaycanda istehsal olunan (o cümlədən, sənaye üsulu ilə) kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyənin daha 3 il müddətinə - 2029-cu ilin sonuna qədər əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi nəzərdə tutulur.
"Bakupost" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.
Bundan başqa, layihəyə əsasən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı, eləcə də satışı daha 3 il müddətinə - 2029-cu ilin sonuna qədər ƏDV-dən azad olunacaq.
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli
“Bakupost”a bildirib ki, bu güzəştlərin 2029-cu ilin sonuna qədər uzadılması ilk növbədə kənd təsərrüfatı istehsalçılarının vergi yükünün azaldılması və yerli istehsalın stimullaşdırılması baxımından əhəmiyyətlidir:
“ƏDV-dən azadolma fermerlərin və kənd təsərrüfatı müəssisələrinin məhsullarını daha əlverişli qiymətlərlə bazara çıxarmasına, dövriyyə vəsaitlərinin qorunmasına və istehsala əlavə investisiya yönəltməsinə müəyyən imkan yaradacaq”.
Ekspertin sözlərinə görə, sözügedən güzəşt müddətinin uzadılması habelə kənd təsərrüfatında xammal istehsalı ilə yanaşı, məhsulun emalı və əlavə dəyərin yaradılması prosesini də stimullaşdıra bilər:
“Xüsusilə sənaye üsulu ilə istehsal olunan kənd təsərrüfatı məhsullarının da bu güzəştə daxil edilməsi aqrar sektorda emal müəssisələrinin inkişafı üçün əhəmiyyətlidir.
Buğdanın idxalı və satışı, un və çörək istehsalı ilə satışının ƏDV-dən azad edilməsinin davam etdirilməsi isə ərzaq təhlükəsizliyi və çörək bazarında qiymət sabitliyi baxımından əhəmiyyət daşıyır”.
Lakin müsahibimizə görə, burada əsas məsələ vergi güzəştlərinin son istehlakçıya nə dərəcədə çatmasıdır:
“Çünki ƏDV güzəşti avtomatik olaraq məhsulun ucuzlaşması demək deyil. İstehsal, daşınma, enerji, gübrə və digər xərclər artmaqda davam edərsə, vergi güzəştinin qiymətlərə təsiri məhdud olaraq qalmaqda davam edəcək.
Ümumilikdə, bu qərar növbəti üç ildə aqrar sektorun inkişafına, yerli istehsalın rəqabət qabiliyyətinin yüksəlməsinə və ərzaq məhsullarının təklifinin artmasına dəstək verə bilər”.
Həmsöhbətimiz təklif edir ki, güzəştlərin real iqtisadi nəticə verməsi üçün onunla paralel olaraq fermerlərin maliyyə imkanları genişləndirilməli, emal və saxlama infrastrukturu inkişaf etdirilməli, yerli istehsalın bazara çıxış imkanları da yaxşılaşdırılmalıdır.
Rüfət Sultan,
Bakupost